Xəbər verdiyimiz kimi, sentyabrın 12-si gecədən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Sentyabrın 13-14-də davam edən şiddətli döyüşlərdə Azərbaycan Ordusunun bölmələri böyük qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr endirib. Ermənistanın təxribatına cavab əməliyyatı zamanı sərhəddə strateji yüksəkliklər nəzarətə götürülüb, düşmənin yüzlərlə canlı qüvvəsi məhv edilib, hərbi infrastrukturu, silah-sursat anbarı, hərbi texnika və qurğuları sıradan çıxarılıb.

Müdafiə Nazirliyinin yaydığı məlumatlara əsasən, döyüşlər zamanı Silahlı Qüvvələrimizin ümumilikdə 79 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb.

Həmçinin 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Müdafiə Nazirliyi sentyabrın 17-də məlumat yaymışdı ki, onlardan 43 nəfəri ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıdıb, 115 nəfərin vəziyyəti kafi, 103 nəfər orta-ağır, 21 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Eyni zamanda Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanan 2 mülki şəxsdən 1-i ilkin tibbi yardımdan sonra evə buraxılıb, 1 nəfərin vəziyyəti isə orta-ağırdır.

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən ağır yaralanan Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Qurbanov Yusif Asif oğlu sentyabrın 17-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında vəfat edib.

Müdafiə Nazirliyindən bildirilib ki, həkimlərin səyinə baxmayaraq Y.Qurbanovun həyatını xilas etmək mümkün olmayıb. O, Goranboy rayonunun Şəfəq kəndində dəfn edilib.

Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı şәhid olan hәrbi qulluqçuların siyahısı:

https://mod.gov.az//images/pdf/8c1007ebc2be165fabaa3b3916a2db47.pdf