Milli Musiqi Günü münasibətilə dahi bəstəkarın məzarı ziyarət olundu

 

Azərbaycan professional musiqi sənətinin və milli bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr hər il ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd edilir.

Bu il də mədəniyyət tariximizin əlamətdar günündə I Fəxri xiyabanda dahi bəstəkarın məzarı ziyarət olundu. Mərasimdə mədəniyyət naziri Anar Kərimov, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak edirdilər.

Üzeyir Hacıbəylinin məzarı üzərinə əklil və gül dəstələri qoyuldu. Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) heyətinin ifasında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” kompozisiyası səsləndirildi.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək bildirdi ki, 18 sentyabr mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Xalqımızın ölməz sənətkarları arasında Üzeyir Hacıbəylinin xüsusi yeri var. Üzeyir Hacıbəyli elə bir şəxsiyyətdir ki, məhz onun sayəsində Azərbaycan musiqisində tarixi bir dövr başlandı, klassik musiqi sənətimizin təməli qoyuldu, yeni musiqi janrları yarandı. O, mədəniyyətimizə çox böyük töhfələr verərək, milli musiqimizi dünya səviyyəsinə qaldıra bildi. Təbii ki, dövlətimiz belə şəxsiyyətləri heç vaxt yaddan çıxarmır. 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi münasibətilə 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alındı. Artıq neçə ildir ki, xalqımız bu günü qeyd edir. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərirlər. Onların rəhbərliyi ilə bir neçə dəfə Üzeyir Hacıbəylinin yubileyi UNESCO səviyyəsində qeyd edilib. 2009-cu ildən etibarən isə ölkəmizdə Üzeyir Hacıbəyli adına festival keçirilir...”.

Nazir bildirdi ki, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalının geniş tədbirlər planı tərtib edilmişdi. Lakin son günlər baş verən məlum hadisələrlə bağlı, Azərbaycanın sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ehtiram olaraq festivalın proqramı dəyişdirildi.

“Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına başsağlığı verirəm. Əslində, bu il festivalı ölkəmizin bir neçə şəhərində keçirməyi planlaşdırırdıq. Düşmənin sərhədlərimizdə törətdiyi təxribatın qarşısının alınması zamanı həlak olan igidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq festivalın proqramında dəyişiklik etdik. Festivalın tədbirləri Bakıda, bir konsert isə Şuşada keçiriləcək. Bunun da bir rəmzi mənası var. Bütün bu çətinliklərə baxmayaraq Azərbaycan musiqisi Şuşada səsləndiriləcək. Bu bizim Üzeyir Hacıbəyli və şəhidlərimiz qarşısında borcumuzdur. Biz festivaldakı tədbirləri şəhidlərimizə ithaf etmək istəyirik. Bununla da bir daha göstərmək istəyirik ki, Azərbaycan xalqı qəhrəman övladlarını heç vaxt yaddan çıxarmır”.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında dahi bəstəkarımızın mədəniyyət tariximizdə rolunu qeyd edərək onu musiqimizin peyğəmbəri adlandırdı. Vurğuladı ki, biz həmişə Azərbaycan musiqisini dünyada təbliğ etməliyik. Bütün dünya Azərbaycan musiqisinin əzəmətini görməlidir.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də Üzeyir Hacıbəylinin ölməz irsindən söz açdı. Bildirdi ki, Azərbaycan xalqı var olduqca Üzeyir Hacıbəylinin ölməz irsi hər zaman yaşayacaq.

Sonra mərasim iştirakçıları Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin Fəxri xiyabandakı məzarlarını ziyarət etdilər.

Ümummilli lider, mədəniyyətimizin böyük hamisi, 1995-ci ildə imzaladığı fərmanla mədəniyyət təqvimimizə Milli Musiqi Gününü bəxş etmiş Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anıldı, məzarları üzərinə tər çiçək dəstələri düzüldü.

Sonda mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən Vətən övladlarının xatirəsini yad etdilər, “Əbədi məşəl” memorialı önünə gül dəstələri qoydular.

Nurəddin