Milli Kitabxanada Üzeyir Hacıbəyli haqqında elektron məlumat bazası hazırlanıb

 

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Əlamətdar gün Azərbaycan klassik musiqi sənətinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə bu gün ölkə miqyasında keçirilir.

Üzeyir Hacıbəyli Azərbaycan xalq musiqisinin bütün janrlarının – mahnıların, rəqslərin, aşıq yaradıcılığının və professional muğam sənətinin üslub xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yaradıb. Azərbaycanın musiqi mədəniyyət salnaməsinə əbədi yazılan, heç zaman aktuallığını itirməyən əsərlər bəstələyib. 

Sentyabrın 18-dən 26-dək ölkəmizdə Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı keçirilir. Heydər Əliyev Fondunun dəstəyi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən festivalın proqramına uyğun olaraq, Milli Kitabxananın əməkdaşları tərəfindən “Müasir Azərbaycan musiqisinin banisi: Üzeyir Hacıbəyli” adlı elektron məlumat bazası hazırlanıb.

Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Üzeyir Hacıbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Mükafatlar”, “Fotoqalereya”, “Filmoqrafiya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/uhacibeyli/index.html linkindən istifadə edə bilərlər.

***

Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “18 sentyabr – Milli Musiqi Günü” adlı virtual sərgi də hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş etdirilir.