Azərbaycanda çap mediası subyektinin təsisçisi ola bilən və audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) siyahıları təsdiq edilib.

Prezident İlham Əliyev sentyabrın 17-də bununla bağlı fərman imzalayıb.

Fərman “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar verilib.

Xatırladaq ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 59.2. maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Milli Məclisi, Konstitusiya Məhkəməsi və Ali Məhkəməsindən savayı, yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilər.

Prezidentin imzaladığı fərmanla təsdiq edilən siyahıda çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanı (qurumu) qeyd olunub: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi, Elm və Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Müdafiə Nazirliyi,  Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Azərbaycan Milli Elmlər Akademiyası, Dövlət İmtahan Mərkəzi.

Teleradio yayımı (audiovizual yerüstü yayım) həyata keçirən dövlət  qurumları kimi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (“AzTV”, “İdman TV”, “Mədəniyyət TV”, “Azərbaycan Radiosu”), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC (“ASAN Radio”) və Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC (“Avto FM”) müəyyən edilib.

***

Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 17 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

9. Azərbaycan Milli Elmlər Akademiyası

10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

 

Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı

Azərbaycan Respublikası Prezidentinin
2022-ci il 17 sentyabr tarixli
Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “AzTV” televiziya yayımçısı.

2. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “İdman TV” televiziya yayımçısı.

3. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Mədəniyyət TV” televiziya yayımçısı.

4. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti – “Azərbaycan Radiosu” radio yayımçısı.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “ASAN Radio” radio yayımçısı.

6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyət – “Avto FM” radio yayımçısı.