Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ilə TOBB – Türkiyə Yaradıcı Sənayelər Məclisi başqanı Ata Kavame arasında görüş keçirilib.

Görüşdə Ata Kavame TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisi və onun fəaliyyəti haqqında məlumat verib. TOBB-Türkiyə Yaradıcı Sənayelər Məclisinə dövlət qurumlarının rəhbərləri, kreativ şirkətlər (TFSF, İKSV, KOÇ, AY YAPIM, TESDER, TOGED, BİROY, MODA TASARMICILARI DERNEĞİ, MÜYAP, MSG, NETFLİX, REKLAMCILAR DERNEĞİ, SALT, ZORLU PSM, XMEDİA ART MUSEUM) və təşkilatların üzv olduğu diqqətə çatdırılıb, dövlətin yaradıcı sənayelərə dair qərarların qəbulunda və yaradıcı sənayelərin koordinasiyasında üst qurum kimi iştirakından və töhfələrindən bəhs edilib.

Ata Kavame Azərbaycanın müvafiq dövlət qurumlarını, eləcə də Azərbaycan Yaradıcı Sənayelər Federasiyasını yaxın aylarda İstanbulda keçiriləcək “Kreativ Biznes Sammiti”nə dəvət edib.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə ölkəmizdə yaradıcı sənayelərin inkişafı yolunda federasiya tərəfindən ardıcıl fəaliyyətlərin həyata keçirdiyini bildirib. O, həmçinin İstanbulda keçiriləcək “Kreativ Biznes Sammiti” çərçivəsində Türkdilli və İslam ölkələrinin iştirakı ilə ortaq Qlobal Yaradıcı Sənayelər Platformasının yaradılması təklifini irəli sürüb.

Sonda Ata Kavame Vasif Eyvazzadəni birgə əməkdaşlığa dair fəaliyyətlərin daha ətraflı müzakirəsi üçün Türkiyəyə səfərə dəvət edib.