Ermənistanın son günlər Azərbaycana qarşı hərbi təxribatlarına qardaş Türkiyədə etirazlar davam edir. Daha bir etiraz aksiyası İğdır şəhərində keçirilib.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası və İğdır Azərbaycan Evi Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) İğdır il başqanı Ali Kemal Ayaz, İYİ parti il başqanı Fuat Ata, digər siyasi təmsilçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Ehlibeyit Alimlər Dərnəyi fəxri başqanı Veli Beder Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat zamanı həlak olmuş hərbçilərimizin ruhuna Qurani-Kərimdən parça oxuyaraq dua edib.

Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal və başqaları çıxışlarında işğalçı Ermənistanın bölgədə sülhü və sabitliyi təhdid edən əməllərini pisləyiblər. Belə bir vəziyyətdə Türkiyənin Ermənistanla normallaşma prosesini dayandırmasına çağırışlar edilib.

Qeyd olunub ki, təcavüzkar tərəf 44 günlük Vətən müharibəsinin nəticələrini unutmamalıdır. Ermənistan rəhbərliyi bilməlidir ki, Türkiyə bundan sonra da Azərbaycanın yanında olacaq.

Aksiya iştirakçıları adından etiraz bəyanatı oxunub.

Mehparə Sultanova
Ankara