Mədəniyyət Nazirliyinin təşəbbüsü əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən müəssisələrdə 18 sentyabr – Milli Musiqi Günündə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirilib.

Həmin gün müəssisələrdə kollektivlərin iştirakı ilə bayrağımız dalğalandırılmaqla Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Təşəbbüsün əsas məqsədi ölkəmizin ən ali və əzəmətli musiqisinin – Üzeyir Hacıbəylinin bəstəsi olan Dövlət Himninin sədaları ilə Vətənimizin keşiyində duran Silahlı Qüvvələrimizə, qəhrəman əsgər və zabitlərimizə dəstək nümayiş etdirməkdir.

Paytaxt Bakıda, eləcə də respublikanın şəhər və rayonlarında mədəniyyət müəssisələri və təşkilatlar sözügedən aksiyaya fəal şəkildə qoşulub, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.