Sentyabrın 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı yeni mövsümün açılışını edəcək. Nümayiş R.Behbudov adına Mahnı Teatrında  baş tutacaq.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərə ithaf olunmuş "Cənnətə bilet" tamaşasının müəllif və rejissoru İlhamə Əhmədovadır.

Şəhid qəhrəmanın iki övladı babalarından atalarının cənnətdə olduğunu eşidirlər. Amma uşaq təfəkkürləri ilə "bilet alaraq cənnətə gedib" ataları ilə görüşməyin mümkünlüyünü düşünürlər. Bilet almaq üçün pul yığırlar...

Bir ailənin timsalında hər birimizin qələbə üçün keçirdiyimiz sevinc, müharibədə şəhid olan oğullarımızdan ötrü tökdüyümüz göz yaşları əksini tapıb.

Xronika və videomateriallardan da istifadə olunan səhnə işinin rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Huseynlidir. Əsas rolları Mehman Piriyev, Flora Hüseynova, Röyal Allahverdiyev, Türkan Şahmarlı ifa edirlər.