Ölkəmizə gələn xarici qonaqlar Şəhidlər xiyabanını ziyarət edərkən tariximizin hüzn və qürur dolu bir səhifəsi ilə tanış olurlar
Azərbaycanın hər guşəsi, hər bucağı bir hadisəni yaşadan tarix səhifəsidir. Bu səhifələrin bəziləri milli-mədəni tariximizin daş yaddaşını əks etdirsə də, bəziləri qəhrəmanlıq, şücaət mənbəyi kimi hər birimizin and yerimiz, ziyarətgahımızdır.
Bu gün Vətən sözünün sinonimi kimi hər birimiz üçün müqəddəs olan bir məkan var - Şəhidlər xiyabanı...
Xalqımızın öz torpağını, azadlığını qorumaq uğrunda mübarizəyə qalxdığı, sovet imperiyasının silahlı qüvvələrinə iradə nümayiş etdirdiyi hüzn və şərəf dolu tarixin - 20 Yanvarın yazıldığı vaxtdan 22 il keçir. Canlarını Vətən uğrunda fəda etmiş oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı hər birimiz üçün and yerinə, qürur mənbəyinə çevrilib. Bu məkanı ölkəmizə dünyanın müxtəlif yerlərindən gələn əcnəbi qonaqlara da layiqincə tanıtmalıyıq.
Azərbaycanda turizm sahəsinin inkişafı ilə əlaqədar olaraq ölkəmizə gələn xarici turistlərin sayı da ildən-ilə artır. Maraqlıdır, görəsən, ölkəmizin turizm təmsilçiləri xarici qonaqlara Şəhidlər xiyabanı haqqında hansı məlumatları verirlər?
Azərbaycan Turizm İnstitutunun Təlim Mərkəzi tərəfindən həyata keçirilən bələdçi kursunun müəllimi, təcrübəli bələdçi Süleyman Süleymanov şəhərdaxili turlara həmişə bu məkana ziyarətin salındığını bildirdi: «Özüm tarixçi olduğuma görə 1990-cı ildə Azərbaycanda baş verən siyasi hadisələr, qanlı 20 Yanvar tarixinin başvermə səbəbləri haqqında qonaqlara ətraflı məlumat verirəm. Bu günlər Bakıya səfərə gələn qonaqlarla şəhərimizin müxtəlif yerlərini gəzirik. Təbii ki, ilk baş çəkdiyimiz məkanlardan biri də Şəhidlər xiyabanıdır».
«Millennium Tourism & Congress»in nümayəndəsi Vüqar Əliyev bildirdi ki, şirkət artıq iki ildir ki, Bakı Turizm İnformasiya Mərkəzi ilə birgə «Gündəlik şəhər turları» adlı layihə həyata keçirir. Şəhidlər xiyabanı da turun əhatə etdiyi məkanlar sırasındadır.
«Elit Travel» şirkətinin turizm departamentinin direktoru Fuad İsmayılovun fikrincə, şəhərimizə gələn hər bir qonaq mütləq Şəhidlər xiyabanına aparılmalı, 20 Yanvarla bağlı onlara məlumat verilməlidir: «20 Yanvar bizim şərəf tariximizdir və bu tarixlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq vətəndaş olaraq hər bir azərbaycanlının borcudur. Hər kəs bacardığı qədər bu təbliğatı aparmalıdır. Bakıda həyata keçirdiyimiz bütün turproqramlarda Şəhidlər xiyabanını ziyarət nəzərdə tutulur».
«Paşa Travel» şirkətinin ofis və müştəri xidmətləri üzrə meneceri Emil Məmmədov da həmkarları ilə eyni fikirdədir. Onun sözlərinə görə, ölkəmizin azadlığı və müstəqilliyi uğrunda canlarından keçən insanları anmaq, onların qəhrəmanlığı haqqında xarici qonaqlara məlumat vermək turizm şirkətlərinin birbaşa vəzifəsidir: «Çünki biz xarici qonaqlarla daha çox təmasda oluruq. Ona görə də düşünürəm ki, biz Şəhidlər xiyabanını, sadəcə, turlara daxil etməklə kifayətlənməməli, eyni zamanda hər fürsətdə xarici ölkə vətəndaşlarına bütün tarixi günlərimiz, o cümlədən də 20 Yanvarla bağlı məlumat verməliyik».
«1990-cı ilin 20 Yanvarından 22 il keçir. Bu illərdə Şəhidlər xiyabanının ziyarət edilməsi artıq matəmlikdən çıxıb, millətin qürurunu, ləyaqətini göstərən bir mərasimə çevrilib. Biz də xarici turistlərə məlumat verərkən bu məqamı nəzərə alırıq». Bunu isə «Viktori Travel» şirkətinin rəhbəri Vüsal Hacıyev dedi. Onun sözlərinə görə, şirkətin həyata keçirdiyi şəhərdaxili turlar Şəhidlər və Fəxri xiyabanları ziyarətlə başlayır: «Hər bir xalqın qürur duyduğu bir tarix var. 20 Yanvar da belə tarixlərdəndir. Biz bu günlə bağlı qonaqlarımıza məlumat veririk. Çalışırıq bu tarixi matəm günü kimi yox, qürur duyduğumuz tarix kimi təqdim edək».
* * *
Hər şey buradan başlayır. Ulu Tanrının yaratdığı ən böyük inci İnsan, insan ömrünün də ən ali zirvəsi Şəhidlikdir. Əgər bu zirvəyə ucalmaq şərəfini, onun müqəddəsliyini duyaraq onu yaşayacaq qədər vətənimizi, millətimizi, dinimizi sevə biliriksə, demək, bu vətən, bu millət yenilməyəcək...
Fəxriyyə Abdullayeva