Daşkənddəki festivalda ölkəmiz də təmsil olunub

 

Özbəkistanın paytaxtındakı Mirzo Uluqbek adına Mərkəzi parkda bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklər və mədəniyyət mərkəzlərinin iştirakı ilə XVIII  “Mədəni ənənələr və xalqların milli mətbəxi” festivalı keçirilib.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də ənənəvi festivalda iştirak edib.

Ölkəmiz üçün ayrılmış stenddə iştirakçılar Azərbaycan milli mətbəxinin ləziz nümunələrinə qonaq ediliblər. Plov, dolma, çığırtma, kükü, qutablar, dovğa, habelə milli şirniyyatlarımız olan şəkərbura, paxlava böyük maraq doğurub. Guşədə qonaqlara Azərbaycan çayı da təqdim olunub.

Milli yemək və şirniyyatları AMM-in sifarişi ilə Daşkənddəki “Yemeli” restoranının mütəxəssisləri hazırlayıblar. 

Festival çərçivəsində iştirakçı ölkələrin tətbiqi sənət əşyaları, suvenirlər, mətbəx mövzusunda nəşrlər də nümayiş olunub.

Tədbirdə çıxış edən Özbəkistanın xarici işlər nazirinin müavini Qayrat Fazılov bildirib ki, ənənəvi keçirilən beynəlxalq festival ölkənin mədəni həyatını dolğun şəkildə zənginləşdirir, paytaxt sakinlərinə və qonaqlarına festivalın iştirakçısı olan ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa imkan verir.

Sonda tədbirdə fəal iştirak edən qurumlara diplomlar verilib. Milli mətbəxin yüksək səviyyədə təqdim edilməsinə görə  AMM də xüsusi diploma layiq görülüb.

Qeyd edək ki, milli yeməklərin satışından əldə olunan vəsait tibbi-sosial yardım kimi Özbəkistanın Daşkənd və Fərqanə şəhərlərindəki uşaq evlərinə, habelə sağlamlıq imkanları məhdud uşaqlar üçün “Mürüvvət” internat məktəblərinə köçürüləcək.