Bizim münasibətlərimizin gündəliyinə fikir versək, o, kifayət qədər genişdir, praktiki olaraq bütün sahələri əhatə edir. Ona görə ki, həm siyasi, həm iqtisadi, həm nəqliyyat, energetika və humanitar sahələrdə bütün göstəricilər göz qabağındadır, biz, həqiqətən, yaxşı dinamika görürük. Əsas məsələ nəticəyə hədəflənməkdir. Çünki razılığa gəldiyimiz bütün məsələlər həyata keçirilir.

Prezident İlham Əliyev bu sözləri sentyabrın 26-da Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanla Rusiya arasında iqtisadi-ticari sahədə, informasiya, kommunikasiya, nəqliyyat və digər sahələrdə səkkiz yol xəritəsi razılaşdırılıb və həyata keçirilir. “Əlbəttə, regional təhlükəsizlik məsələləri həmişə bizim münasibətlərimizin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq. Əlbəttə, bizim regionda sülh bütün ölkələr, bütün xalqlar üçün zəruridir”, – deyə İlham Əliyev vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycanın regionda sülh və təhlükəsizliklə bağlı təklif etdiyi gündəlik də birmənalıdır: “Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.

Vyaçeslav Volodin Rusiya-Azərbaycan münasibətlərinin daha çox iki ölkə prezidentlərinin sayəsində inkişaf etdiyini vurğulayıb və bu xüsusda dövlət başçılarının bu ilin fevralında imzaladığı  “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin önəmini qeyd edib: “Bu, həqiqətən, strateji tərəfdaşlıq əsasında əldə edilmiş çox ciddi səviyyədir”.