Sentyabrın 28-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə görkəmli yazıçı, ədəbiyyatşünas, pedaqoq Mir Cəlalın (1908-1978) anım gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə ədibin ailə üzvləri, Mir Cəlalın sonradan həmkarlarına çevrilən tələbələri, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurasının nümayəndələri iştirak ediblər. Tədbirdə “kiçik hekayənin böyük ustası”nın irsinin davam etdirilməsi məqsədilə bir sıra birgə layihələrə dair müzakirələr aparılıb.

Çıxışlarda vurğulanıb ki, Mir Cəlalın bədii sözlə maraqlı süjet, hadisə və obrazları yığcam və lakonik üslubda yaratmaq bacarığı bugünkü qədər aktual olmayıb. İnformasiya texnologiyaları təkamülünün gətirdiyi yeni platformalar hamını qısa məzmunla daha çox fikir çatdırmaq məcburiyyəti qarşısında qoyur. Bununla yanaşı, satira ilə güldürüb düşündürən, ədəbiyyatımızın qızıl fonduna düşmüş Mir Cəlalın əsərləri ictimai müzakirələrdə cəmiyyətimizin tərəqqisinə səsləyən fəaliyyət istiqamətlərinə də təkan verərdi.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva tədbirdə Mir Cəlalın xatirəsinə həsr edilmiş iki müsabiqəni elan edib.

Onlardan birincisi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun Medianın İnkişafı Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə keçirəcəyi “6 sözlük əhvalat” adlı müsabiqədir.

Müsabiqənin qalibləri Bakı Dövlət Universitetinin professoru, ədəbiyyatşünas Təhsin Mütəllimovun sədrliyi ilə yazıçı və jurnalistlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək və bu ilin dekabrında mükafatlandırılacaqlar. Müsabiqə dövründə iştirakçılara yaradıcı prosesdə dəstək məqsədilə iki vebinar keçiriləcək.

Medianın İnkişafı Agentliyinin saytında yer alan səhifəyə (https://bit.ly/MEDİA) daxil olaraq müsabiqə şərtləri barədə daha ətraflı məlumat almaq mümkündür.

Digər müsabiqə isə “Ədibin Evi”nin təşkil etdiyi və artıq 3-cü dəfə keçiriləcək Mir Cəlal adına hekayə müsabiqəsidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Həcmi 1500 (min beş yüz) sözdən çox olmamaq şərtilə Azərbaycan dilində yazılan hekayələr elektron şəkildə edibinevi@gmail.com ünvanına 2023-cü il 1 yanvar tarixinədək göndərilməlidir. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.

Final mərhələsinə yüksələn 10 (on) hekayə “TEAS Press” Nəşriyyat Evi tərəfindən toplu şəklində nəşr ediləcək. Qalibləri Xalq yazıçısı Elçinin sədrliyi ilə peşəkar yazıçı və ədəbi tənqidçilərdən ibarət münsiflər heyəti seçəcək. Müsabiqəyə 2023-cü ilin aprel ayında yekun vurulacaq. 1-ci yer üçün 3000, 2-ci yer üçün (2 nəfər) 2000, 3-cü yer üçün (3 nəfər) 1000 manat pul mükafatı nəzərdə tutulub.

Qeyd edək ki, “Ədibin Evi” Mir Cəlalın 1929-1940-cı illərdə Bakıda yaşadığı ilk ünvanıdır. Ədib burada “Bir gəncin manifesti”, “Dirilən adam” romanlarını, bir çox satirik hekayələrini qələmə alıb.