Turizm müəssisələri arasında keçirilən sorğunun nəticələri bunu deməyə əsas verir
   
   BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycanda Turizmin İnkişafı Layihəsinin təşəbbüsü ilə yerli məsləhətçi-tədqiqat şirkəti olan “Khatt Research” tərəfindən 2012-ci ilin may ayında Bakıda keçiriləcək “Eurovision” müsabiqəsinə hazırlıq işlərinin səviyyəsinin qiymətləndirilməsi ilə bağlı sorğu keçirilib. Sorğunun məqsədi Azərbaycanın turizm sektorunun müsabiqəyə münasibətini, gördükləri hazırlıq işləri və mövcud problemləri öyrənməkdir.
   300 yerli müəssisə arasında keçirilən sorğuda 81 mehmanxana, 159 turizm şirkəti, 12 nəqliyyat və loqistik şirkətlər, 48 restoran, kafe və əyləncə sektoruna aid obyekt iştirak edib.
   «Azərbaycanın “Eurovision” musiqi müsabiqəsində qələbəsi və müsabiqənin Bakıda keçirilməsi ölkəyə müsbət nə verə bilər» sualına cavab verən əksər şirkətlərin rəyinə görə, Azərbaycanın müsabiqədə qalib olması ölkənin Avropa və dünyada daha da geniş tanınmasına, milli mədəniyyətimizin, musiqimizin təbliğində mühüm rol oynaya bilər. Bu da öz növbəsində ölkənin nüfuzunun artmasına, turistlərin ölkəmizə marağının genişlənməsinə, turizm sektorunun inkişafına təkan verə bilər.
   Sorğuda iştirak etmiş şirkətlərin 85%-i Bakıda keçiriləcək “Eurovision” musiqi müsabiqəsi zamanı qonaqların qəbul edilməsi, yerləşdirilməsi və s. proseslərdə iştirak etməkdə maraqlı olduqlarını bildirib. Bu məsələyə daha çox mehmanxanalar diqqət göstərib. Turizm şirkətləri, restoran, kafe və əyləncə sektorunun da məsələdə maraq dərəcəsi yüksək olub.
   Sorğunun növbəti sualı “Eurovision”la əlaqədar təmsil etdikləri şirkət tərəfindən hər hansı xüsusi hazırlıq işlərinin aparılması ilə bağlı olub. Sorğuda iştirak edən şirkətlərin 19,1%-i “Eurovision”la əlaqədar xüsusi tədbir görməyəcəyini bildirib. Bu məsələ ən az nəqliyyat və loqistika şirkətlərini maraqlandırıb. Digər sektorları əhatə edən şirkətlərin bir qismi belə tədbirlərin görüləcəyini istisna etməyiblər. Ümumilikdə 56,9% şirkət artıq “Eurovision” musiqi bayramına hazırlıq işlərinə başlayıb.
   Görəcəkləri işlərin istiqamətinə gəlincə, turizm sektorunu təmsil edən müəssisələrin 58,5%-i göstərdikləri servisin səviyyəsini yüksəltmək, yeni xidmətlər təklif etmək, turlar tətbiq etmək, xidməti personalla işi gücləndirmək, onların peşəkarlığını artırmaq istiqamətində işləri gücləndirməyi planlaşdırırlar. Sorğuda iştirak etmiş turizm sektoruna aid şirkət nümayəndələrinin 78,7%-i “Eurovision” musiqi müsabiqəsinin onların biznesinin inkişafına müsbət təsir edəcəyinə əmindirlər.
   Ən optimist şirkətlər (14,3%) bu fürsətdən istifadə edərək bizneslərini genişləndirmək, yeni fəaliyyət sahələrini əhatə etmək fikrindədirlər.
   Sorğuda iştirak etmiş şirkətlərin 74%-i tam, daha 17%-i qismən olaraq Bakıya gələcək qonaqları yüksək səviyyədə qarşılamağa və layiqli servis təklif etməyə hazırdır. Ən hazırlıqlı olanlar isə mehmanxanalar və turizm şirkətləridir.
   Mehmanxana və turizm şirkətlərinin 25%-i indidən “Eurovision”la əlaqədar turpaketlər və hotellərdə yerlər sifariş edilməsi ilə bağlı təkliflərin gəldiyini bildirib. Bu təkliflər hələ çox olmasa da, şirkətlər yaxın aylarda təkliflərin sayının artacağına əmindirlər.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar