Asan pul qazanmaq istəyirlər

 

Hindistandakı Tulsi kəndi sakinlərin sosial şəbəkələrdə fəallığı sayəsində məşhurlaşıb. Kəndin, demək olar ki, bütün əhalisi videoblogerliyə girişib.

Sakinlərin hər biri özlərinin və qonşularının həyatını, kənddəki yaşayışı, ətrafda baş verənləri və s. barədə videolar çəkərək aktiv şəkildə sosial şəbəkələrdə paylaşırlar.

Bu barədə “Oddity Central” portalında yer alan məlumata görə, kəndin 3 min nəfər sakini var. Son illərə qədərə onların əksəriyyəti fermerliklə məşğul olurdu. Lakin blogerlərin sosial şəbəkə paylaşımları ilə asan pul qazandıqlarını öyrənəndən sonra bir neçə sakin bu fəaliyyətə başlamışdı. Beləcə, tədricən bütün sakinlər işini-peşəsini atıb bloger olmaq qərarına gəlib.

İndi hər kəs səhər əlində videokamera və ya smart telefon evdən çıxır, kəndi, eləcə də ətraf yerləri dolaşır, sonra da çəkdikləri videoları sosial şəbəkə hesablarında yayaraq maksimum “bəyənmə” (və ona müvafiq pul) qazanmağa çalışırlar.

Məlumatda bildirilir ki, Tulsi kəndində videokontent sahibi olan sakinlərdən ən gənci 15, ən qocası 85 yaşındadır.

V.Kamal