Stokholm Bələdiyyəsi tərəfindən keçirilən “Mədəniyyət və müxtəliflik sərgisi”ndə İsveç paytaxtında fəaliyyət göstərən diaspor təşkilatları iştirak ediblər.

İsveç-Azərbaycan Dərnəyi (SAF) də sərginin keçirildiyi məkanda öz guşəsi ilə təmsil olunub.

Guşədə SAF dərnəyinin fəaliyyət istiqamətləri, o cümlədən təşkilat nəzdində “Qarabağ” həftəsonu məktəbi və “Qarabağ” rəqs qrupu haqqında məlumat verilib.

Daha sonra Azərbaycanın tarixi, xalqımızın zəngin mədəniyyəti və adət-ənənələri, milli geyimləri haqqında məlumat diqqətə çatdırılıb. SAF dərnəyinin milli geyimli üzvləri yerli ictimaiyyət nümayəndələrinə ölkəmizlə bağlı tanıtım broşürləri paylayaraq, onların suallarını cavablandırıb.

Həmçinin Azərbaycanın otuz ilə yaxın işğal və talana məruz qalmış əraziləri, Qarabağ həqiqətləri haqqında da söz açılıb.