Tarixi-memarlıq abidələrinin qorunması, bərpası, onların tarixi görünüşünün qorunub saxlanılması dövlətimizin mədəni irs sahəsində siyasətinin prioritet istiqamətlərindəndir. Abidələrin tədqiqi, mühafizəsi, bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği ilə bağlı mühüm işlər görülür.

“Tarixi Abidələrin Bərpası” məktəbi – Mak’TAB təlim layihəsi də bu məqsədə xidmət edir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti, Azərbaycan Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Turizm Agentliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə səyi və təşəbbüsü ilə reallaşacaq layihənin məqsədi Azərbaycanda tarixi abidələrin bərpaçılarına bu sahədə əlavə biliklər qazandırmaqdır.

Dinləyicilərə təcrübəli mütəxəssislər tərəfindən nəzəri və praktik təlimlər keçiriləcək. Təlim kursuna müraciətlər oktyabrın 17-dək qəbul olunur.