Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisində oktyabrın 5-də  Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevlə görüş və imza saatı keçirilib.

Görüş zamanı Çingiz Abdullayev ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin xalqın, xüsusən də yeni nəslin kitaba və mütaliəyə olan marağının artırılması, elmi və ədəbi biliklərinin təkmilləşməsi baxımından əhəmiyyətini qeyd edib.

Yaradıcılıq prosesindən və əsərlərindən bəhs edən Xalq yazıçısı deyib: “İlk dəfə Moskvada əsər yazmağa başlayanda mənə gülürdülər. Onlar deyirdilər ki, azərbaycanlılar detektiv kitab yazmaq qabiliyyətinə malik ola bilməz. Düşünürdülər ki, mənim kitabımı heç kim almayacaq. Məni çağırdılar Mərkəzi Komitəyə. Azər Mustafazadə (SSRİ Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı üzrə Şuranın məsul katibi – red.) mənə başqa mövzularda kitab yazmağımı məsləhət gördü. O da bildirdi ki, detektiv əsərlər yazsam, kitablarım satılmayacaq. Lakin mənim bununla razılaşmadığımı görüb dedi ki, əgər yazacaqsansa, onlardan da yaxşı yazmağı bacar”.

Oxucuları arasında bir çox ölkələrin prezidentlərinin də olduğunu qeyd edən yazıçı bunun müəllif üçün böyük ilham mənbəyinə çevrildiyini bildirib: “Bu, təbii ki, bir yazar üçün qürurvericidir. Mən Şuşada şahmat turnirində olanda orada iştirak edən bir çox mötəbər insanlar mənim fəal oxucularım olduqlarını bildirirdilər. Bu da məni çox sevindirirdi”.

Daha sonra Çingiz Abdullayev kitabla, sərgi ilə bağlı da qənaətlərini bölüşüb: “Kitab möcüzədir. Hər bir din kitabdan başlayır, mədəniyyət, sənət kitabdan başlayır. Əgər sən yazıçı olmaq istəyirsənsə, öz mövqeyini dəyişməməlisən. Əsl yazıçı əbədiyyətdə xalqın vəkilidir”.

Sonda Xalq yazıçısı oxucuların suallarını cavablandırıb və onlar üçün kitabını imzalayıb.