“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalib əsəri təqdim olunub

 

Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisinin Bülbül təqdimat zonasında AMEA-nın “Elm” nəşriyyatının direktor müavini, Yazıçılar Birliyinin üzvü Vüqar Haqverdiyevin “Döyüşçünün zirehli hərb geyimi” kitabının təqdimatı keçirilib.

Kitab haqqında məlumat verən müəllif bildirib ki, əsər 2020-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsində “Döyüşçünün zirehli hərbi geyimi” eksponatına həsr olunmuş “ən yaxşı hekayə” kateqoriyası üzrə qalib mətnlərdən biridir. Nağıl Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap edilib.

Əsər Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan “Döyüşçünün zirehli hərb geyimi” eksponatın muzeyə ekskursiya edən məktəb şagirdlərindən birinə yaşatdığı qeyri-adi sərgüzəştlərdən və sehrli hadisələrdən bəhs edir. Nağıl rəngarəng tərtibatı, ritmik və maraqlı məzmunu ilə kiçikyaşlı oxucuların diqqətini çəkən bədii nümunədir.

Cəmiyyətin maarifləndirilməsi, xüsusən informasiya cəmiyyəti quruculuğu prosesi, internet, elektron resurslar, habelə uşaq hüquqlarının qorunması və digər aktual mövzularda yazdığı analitik məqalələrdən bəhs edən Vüqar Haqverdiyev sərginin önəmindən bəhs edib, belə təqdimatların yazarlar üçün stimul olduğunu vurğulayıb.

Təqdimatın sonunda oxucuların suallarını cavablandıran müəllif kitablarını imzalayıb.