Azərbaycan bu il İstanbulda təşkil olunacaq ənənəvi beynəlxalq kitab sərgisində “fəxri qonaq ölkə” kimi iştirak edəcək.

Bu fikirləri oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışında jurnalistlərə açıqlama verən mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, Azərbaycan və Türkiyənin sərgilərdə qarşılıqlı şəkildə “fəxri qonaq ölkə” kimi təmsil olunması kitab sənətinin inkişafına töhfə verəcək: "Məlum olduğu kimi, bu il ilk dəfə sərgidə qardaş Türkiyə “fəxri qonaq” kimi iştirak edir. Bu, çox gözəl bir ənənədir. Eynilə Azərbaycan da ilin sonuna doğru İstanbulda keçiriləcək beynəlxalq kitab sərgisində bu statusda iştirak edəcək. Bütün bu addımlar iki ölkə müvafiq sahələri üzrə əməkdaşlığına böyük töhfə olacaq və körpü rolunu oynayacaq".

***

Anar Kərimov 30 illik erməni işğalı zamanı Qarabağda və Şərqi Zəngəzurda vandalizmə məruz qalmış tarixi-mədəni abidələrin nazirliyin daima diqqətində olduğunu bildirib. Deyib ki, ermənilərin törətdiyi vandalizmin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində davamlı iş aparılır: “Otuzillik işğal zamanı vandalizmə məruz qalan abidələrimizin ilk olaraq inventarlaşdırılması məsələsini həll etmişik. Daha sonra tarix yadigarlarının foto-video fiksasiya edilərək dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatı aparılıb. Həmin materiallar davamlı olaraq UNESCO, İCESCO və digər beynəlxalq təşkilatlara göndərilir. Ermənistan törətdiyi bu cinayətlərə görə məsuliyyətə cəlb edilməlidir”.

***

Paytaxtdakı bir sıra heykəllərin üzərindəki məlumat lövhələrinin kiril əlifbası ilə yazılması məsələsinə münasibət bildirən nazir bunun özünün də bir tarixilik olduğunu deyib. “Tarixi-mədəni abidələr bizim sərvətimizdir, bizə atalarımızdan qalan mirasdır. Bu abidələrə həm dövlət səviyyəsində, həm də vətəndaşlar tərəfindən qayğı var və olmalıdır. Bu heykəllərin böyük bir qismi SSRİ dövründə ucaldılıb və aydın məsələdir ki, onların üzərindəki məlumat lövhələri kiril əlifbasındadır. Hesab edirəm ki, biz bu ənənələrə, bu tarixə sahib çıxmalı, onu qorumalıyıq”, – deyə nazir vurğulayıb.

Anar Kərimov yeni ucaldılacaq heykəllərin üzərinə turistlər üçün məlumat lövhəsinin quraşdırılacağını da bildirib. Deyib ki, əvvəl quraşdırılmış abidələrdə də tədricən eyni proses tətbiq ediləcək.

***

Aşıq Ələsgərin abidəsi ilə bağlı Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci ildə elan edilmiş müsabiqə barədə danışan nazir müsabiqəyə təqdim olunan layihələrin müvafiq komissiya tərəfindən qiymətləndirildiyini deyib, prosesin davam etdiyini bildirib: “İki mərhələdən ibarət müsabiqənin hər iki mərhələsi artıq yekunlaşıb. Hazırda eskiz və layihələr müstəqil ekspertlərimiz tərəfindən yoxlanılır, qiymətləndirilir. Dəyərləndirmə yekunlaşdırılan kimi nəticələr və qaliblər barədə ictimaiyyətə məlumat veriləcək”.