Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Tekirdağ Valiliyinin təşkilatçılığı, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (“Hazarfem” dərnəyi) dəstəyi ilə Tekirdağ şəhərində Azərbaycan sənətçilərinin iştirakı ilə konsert keçirilib.

“Bir millət, iki dövlət!” şüarı altında “Şuşa İli” çərçivəsində keçirilən konsertdə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və “Cəngi” rəqs  ansamblının ifasında “Vətən süitası”, “İgidlər”, “Naz eləmə”, “Uzundərə”, “Yallı”, “Sarı gəlin”, “Bayram” kimi milli rəqslərimiz nümayiş etdirilib, Azərbaycan musiqi nümunələri səsləndirilib.

Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Tekirdağ valisi Aziz Yıldırım, “Hazarfem”in başqanı Nuran Acar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şanlı Zəfərimiz haqqında danışıblar. Bildirilib ki, “Şuşa İli” ilə bağlı qardaş Türkiyədə də silsilə tədbirlər keçirilir. Konsert proqramı tamaşaçılar tərəfindən coşqu və rəğbətlə qarşılanıb.

Konsertin keçirildiyi məkanda Azərbaycana həsr olunan “Qardaş köməyi” adlı fotosərgi də açılıb. “Şuşa İli” çərçivəsində Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Tekirdağ Valiliyinin təşkilatçılığı, Türkiyə Foto Sənəti Federasiyasının dəstəyi ilə təşkil olunan sərgidə türkiyəli fotoqraf Hakan Tokuçun ölkəmizdə çəkdiyi şəkillər nümayiş olunub.

Mərasimdə çıxış edən Hakan Tokuç iki hissədən ibarət sərgidə ümumilikdə 65 fotonun nümayiş etdirildiyini bildirib. Birinci hissə Bakıdakı Heydər Əliyev Mərkəzinə, ikinci hissə Azərbaycanda İslam mədəni irsinə və məscidlərə həsr olunub.