Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu işə başlayıb.

Foruma BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif və 44 ölkədən nümayəndələr qatılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.

Mərasimdə çıxış edən dövlət başçısı BMT-nin belə bir mötəbər tədbirinin Ağdamda keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb: “İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. Ağdam Birinci Qarabağ müharibəsi dövründə dağılmamışdı. O, sonradan, demək olar ki, otuz il ərzində daşları bir-bir sökülməklə dağıdılıb, bütün binalar viran qoyulub və sökülüb, daşlar oğurlanıb və satılıb... Burada – Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü...”.

Prezident qeyd edib ki, hazırda biz keçmiş məcburi köçkünləri öz doğma yurdlarına mümkün qədər tez qaytarmaq üçün nəhəng bir çağırışla üz-üzəyik. Lakin genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır: “Müharibə demək olar ki, iki il bundan əvvəl başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Lap bu yaxınlarda biz İkinci Qarabağ müharibəsi bitəndən sonrakı dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Laçın rayonunda basdırılmış 1400-dən çox mina aşkar edərək zərərsizləşdirmişik. Beləliklə, Azərbaycana qarşı təcavüz, Azərbaycana qarşı terror davam edir”.

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra regionda davamlı sülh və sabitliklə bağlı təklif irəli sürüb: “10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik. Sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini, – xüsusən də ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması, – irəli sürdük. Bütün bunlar, əslində, beynəlxalq hüququn əsas prinsipləridir və hesab edirəm ki, münasibətlərini normallaşdırmağa çalışan ölkələr arasında sülh sazişləri və ya hər hansı sazişlər buna əsaslanmalıdır”.

Prezident qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik: “Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik”.

Sülh prosesi ilə bağlı müəyyən nikbinlik olduğunu deyən İlham Əliyev bildirib ki, bu yaxınlarda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin sülh sazişi layihəsinin hazırlanması gündəliyi ilə bağlı ilk görüşü keçirilib: “Ümid edirik ki, bu, çox vaxt aparmayacaq. Eyni zamanda, ümid edirik ki, sərhədlərin delimitasiyası üzrə iki müvafiq komissiya – Azərbaycan və Ermənistan komissiyaları da vaxt itirməyəcək və iki ölkə arasında faktiki mövcud olmayan sərhədin müəyyənləşdirilməsi üzərində fəal işləyəcəklər. 400 kilometrdən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə, beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq fəal şəkildə işləməliyik”.

Prezident diqqətə çatdırıb ki, oktyabrın 4-də Ağdamın üç kəndinin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimləri olub: “Maksimum iki ildən sonra bu kəndlərdə bir neçə min insan yaşayacaqdır. Ağdam şəhərində biz demək olar ki, min yerlik məktəb tikirik. Bu məktəb də ola bilsin bu il, ya da gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binası tikilir. Bu, sadəcə, Ağdamdır. Eyni işlər Füzulidə, Qubadlıda, Zəngilanda da görülür. İki ay bundan əvvəl qayıtdığımız Laçın şəhərini növbəti ilin sonuna kimi bərpa etməyi planlaşdırırıq. Çünki dediyim kimi, orada qeyri-qanuni məskunlaşma var idi. Heç də bütün binalar sökülməmişdir. Biz artıq bir qrup mütəxəssisi oraya göndərmişik. Beləliklə, biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı... İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir”.