Bakı şəhərinin turist atlası nəşr edilib. Atlas 2011-ci ilin ölkəmizdə “Turizm ili” elan olunması ilə əlaqədar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Kartoqrafiya Fabrikində çap olunub. Azərbaycan, rus və ingilis dillərində hazırlanan atlas Bakıya gələn hər bir turist üçün əhəmiyyətli vasitədir.
   
   Atlasda Bakı şəhərinin planı 1:10 000 miqyasda verilib. Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramovun sözlərinə görə, nəşrdə paytaxtın coğrafiyası, iqlimi, torpağı, bitkisi, ekoloji vəziyyəti, arxeoloji və memarlıq abidələri yer alıb: “Atlasda kurortlar, çimərliklər, bəzi nəqliyyat növlərinin hərəkət cədvəli də əksini tapıb. Turistlərə gərəkli ola biləcəyi nəzərə alınaraq “Binə” və “Sədərək” yarmarkalarının sxematik təsvirləri, turizm agentlikləri və digər mühüm yerlər də burada əks olunub. Çalışmışıq ki, atlasda turistlər üçün maraqlı ola biləcək hər bir obyekti qeyd edək. Məsələn, valyutadəyişmə məntəqələri, şadlıq evləri, hotel və restoranlar, o cümlədən xarici ölkə mətbəxlərini təqdim edən restoranlar burada əks olunub. Məsələn, bir yaponiyalı və ya koreyalı öz mətbəxinə aid restoranı bu atlasdan istifadə etməklə asanlıqla tapa bilər”.
   Bakının turist atlası təkcə əcnəbi qonaqlar üçün nəzərdə tutulmayıb: “Bəzən bölgədən gələn vətəndaş Bakıda hansısa obyekti, müəssisəni tapmaqda çətinlik çəkir. Bu baxımdan atlas öz vətəndaşlarımız üçün də dəyərli vəsait olacaq”.
   Müqabil Bayramov bildirdi ki, atlas bu ilin mayında paytaxtımızda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı ölkəmizə gələcək turistlər və xarici qonaqlar üçün xüsusilə maraq kəsb edəcək. Kartoqrafiya Fabrikində “Evrovision”la bağlı turistlərə əhəmiyyətli ola biləcək broşüraların da çapı nəzərdə tutulur: “Müsabiqə ilə bağlı turistlər üçün məlumatlandırıcı broşüraların hazırlanması təkliflərini vermişik. Məsələn, Dənizkənarı Milli Parkın, İçərişəhərin plan xəritəsinin, şəhəri əlaqələndirən yollar, şəhərin özünün ümumi planı hazırlana bilər. Hazırda təkliflər dəyərləndirilir”.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar