Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqaya səfər edib.

Praqada Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü keçirilib.

Dövlət başçısı “Avropa siyasi birliyi” Zirvə Toplantısının açılış plenar iclasında və “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada iştirak edib.

 “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Zirvə toplantısında 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirlər.

Sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında qeyri-formal görüş olub. Söhbətə Fransa Prezidenti Emmanuel Makron da qoşulub.

Oktyabrın 6-da axşam Praqada Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə dördtərəfli görüş də keçirilib.