Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı - TİKA 1992-ci ildə yaradılıb. Mərkəzi Asiyanın, Avropanın, Afrikanın müxtəlif ölkələrində ofisləri yerləşən təşkilat Türkiyə hökumətinin sosial, iqtisadi, mədəni və texniki yardım layihələrini həyata keçirir.
   
   İdarənin ilk ofislərindən biri Bakıda açılıb. Qurum indiyədək ölkəmizdə 600-dən artıq layihə həyata keçirib, bu layihələr çərçivəsində təşkil olunan təlim proqramlarında 4500-dən çox mütəxəssisə təlim verilib. Mədəniyyət və turizm sahəsində həyata keçirdiyi layihələrlə bağlı TİKA-nın Azərbaycandakı proqram əlaqələndiricisi Salih Polatla söhbət etdik.
   Qardaş Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edən müsahibimiz turizmlə bağlı layihələrə xüsusi önəm verdiklərini bildirdi: “Azərbaycanın geniş turizm potensialı var. Türkiyənin isə bu işdə böyük təcrübəsi var. Biz bu təcrübəni, xüsusilə xidmət sektorundakı təcrübənin mənimsənilməsinə çalışırıq. Azərbaycanda son illər yeni-yeni hotellər, turizm obyektləri istifadəyə verilir. Bu, eyni zamanda xidmət sektorunda, xüsusilə hotel və restoranlarda yüksək səviyyədə xidmətin göstərilməsini zəruri edir. TİKA-nın Azərbaycanda 2001-ci ildən davam edən təlim proqramları var. Bu təlim proqramlarında ümumilikdə 850-dən artıq əməkdaş üçün kurslar təşkil olunub. Təkcə ötən il turizm xidməti sektorunda çalışan 370 əməkdaş belə kurslara cəlb olunub”.
   
   Layihələr bölgələri də əhatə edir
   
   Mədəniyyət və Turizm Nazirliyi ilə TİKA arasında yüksək əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan proqram əlaqələndiricisi bu il də təlim proqramlarına önəm veriləcəyini bildirdi: “Biz əməkdaşlıq edərkən yerli qurumların istək və təkliflərini nəzərə alırıq. Təlim proqramlarına, onun keyfiyyətlə həyata keçirilməsinə xüsusi önəm veririk. Məlumat üçün deyim ki, təkcə ötən il 70-dən artıq təlim proqramları həyata keçirilib. Xaçmaz, İsmayıllı, Lənkəran və Bakıda turizmin müxtəlif istiqamətləri üzrə çalışan insanlara təlim kursları keçmişik. Təlim kurslarına isə Türkiyədən gələn mütəxəssislər cəlb edilib. Bundan əlavə, ixtisasartırma kursları da təşkil edilib”.
   
   Tarixi abidələrin bərpası
   
   Həmsöhbətimiz mədəniyyət sahəsində də bir sıra layihələrin həyata keçiriləcəyini dedi: “TİKA müxtəlif ölkələrdə tarixi abidələrin bərpası sahəsində layihələr həyata keçirib. Azərbaycanla Türkiyə arasında ortaq tarixə aid abidələr mövcuddur. Məsələn, Qax rayonunun Oncallı kəndindəki oğuz qəbiristanlığında Şeyx Yunus Əmrə və onun mürşidi Hacı Tapdığa aid məzarlar var. TİKA-nın dəstəyi ilə bəzi abidələrdə bərpa işlərinin aparılması planlaşdırılır. “Ataların tarixi zəfər və şəhidlik yolu” layihəsi çərçivəsində, 1918-ci ildə Qafqaz İslam Ordusunun keçmiş olduğu şanlı döyüş yollarının tarix və mədəni turizm marşrutu kimi təqdim olunmasına çalışırıq. Gənclərin elmi araşdırmalarına dəstək layihəmiz isə akademik araşdırmalara kömək məqsədi daşıyır”.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar