Oktyabrın 6-da Bakıda Azərbaycanla İndoneziya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə və İndoneziyanın Müstəqillik Gününün 77-ci ildönümü həsr olunmuş tədbir keçirilib.

Tədbir hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb.

İndoneziyanın Azərbaycandakı səfiri Hildi Hamid çıxışında son 30 il ərzində ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlərin qurulduğunu vurğulayıb. Deyib ki, bu il qardaş ölkələrimiz - Azərbaycan ilə İndoneziyanın diplomatik əlaqələrinin qurulmasının 30 illiyini qeyd edirik. Bu dövrdə ikitərəfli münasibətlərimiz zamanın sınağından keçib və daim inkişaf edib. Hər ötən il ərzində biz daha da güclənir və son iki onillik ərzində misli görünməmiş uğurlarla nəticələnmiş münasibətlərimizi möhkəmləndirmişik.

İndoneziya-Azərbaycan münasibətlərinə toxunan diplomat əlavə edib ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib. Ticarətin həcmi artır və ölkələrimiz arasında qarşılıqlı səfərlər intensivləşir. Biznes imkanlarının təşviqi və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfə vermək məqsədilə Bakıda biznes forumlar keçirilir. İndoneziya, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir.

Kənd təsərrüfatı naziri İnam Kərimov İndoneziyanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. Nazir iki ölkə arasında iqtisadi, ticari və beynəlxalq təşkilatlar çərçivəsində sıx ikitərəfli əlaqələrin olduğunu vurğulayıb. Deyib ki, Azərbaycan, həmçinin İndoneziyanın beynəlxalq səviyyədə göstərdiyi dəstəyə və həmrəyliyə görə bu ölkəyə minnətdardır.

“Azərbaycan və İndoneziya zəngin təbiətə, qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk. Bu üstünlüklər bizim turizm potensialımızı daha da artırır və müvafiq sahədə əməkdaşlığımızın dərinləşdirilməsini zəruri edir”, - deyə İnam Kərimov qeyd edib.

Bayram tədbiri anqklunq, talemponq və sape kimi İndoneziya musiqi alətlərində mahnıların ifası, eləcə də bu ölkənin rəqslərinin nümayişi ilə davam edib. Rəqslər indoneziyalı sənətçilərlə yanaşı İndoneziya təqaüdlərinin məzunları olan azərbaycanlı tələbələr tərəfindən də ifa olunub.

Tədbir çərçivəsində, həmçinin İndoneziyanın zəngin və müxtəlif mədəniyyətini xarici ictimaiyyətə təqdim etmək məqsədilə Sumatra, Yava, Bali, Kalimantan adalarına məxsus ənənəvi geyim, tekstil və sənətkarlıq nümunələrinin kiçik sərgisi də təşkil edilib. Qonaqlar İndoneziya mətbəxi nümunələrinin də dadına baxıblar.