Azərbaycan musiqi mədəniyyətinə itki üz verib. Yaradıcılığı ilə geniş sənətsevər kütlələrin dərin rəğbətini qazanmış görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımova oktyabrın 9-da, 82 yaşında vəfat edib.
Ruhəngiz Nağı qızı Qasımova 1940-cı il iyulun 12-də Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini paytaxtdakı 2 saylı Uşaq musiqi məktəbində alıb. A.Zeynallı adına Bakı Musiqi Texnikumunun Musiqi nəzəriyyəsi və bəstəkarlıq şöbəsində, daha sonra isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) Bəstəkarlıq fakültəsində təhsilini davam etdirib, 1973-cü ildə professor Cövdət Hacıyevin sinfini bitirib.
Ruhəngiz Qasımovanın özünəməxsus dəst-xətti, milli koloriti ilə fərqlənən yaradıcılığı müxtəlif musiqi janrlarını əhatə edir. O, “Məzəli əhvalat” operettası, “Mənim əsrim” simfonik poeması, “Qızıl oğlan” musiqili nağılı, kamera və simfonik orkestrlər üçün süitalar, çoxlu sayda mahnı və romanslar, eləcə də teatr və televiziya tamaşalarına musiqilərin müəllifidir.
Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutur. “Anacan, dostum evlənir”, “Utancaq oğlan”, “Xəzər”, “Yollar”, “Azərbaycan”, “Gənclik” və s. mahnıları Rəşid Behbudov, Gülağa Məmmədov, Xuraman Qasımova, Azər Zeynalov kimi görkəmli müğənnilərin, “Qaya”, “Sevil” vokal-instrumental ansambllarının ifasında məşhurlaşaraq musiqisevərlərin məhəbbətini qazanıb.
Ruhəngiz Qasımova 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə uzun illər təşkilatın İdarə Heyətinin üzvü olub, “Mahnı” bölməsinə rəhbərlik edib.
Bəstəkarlıqla yanaşı dramaturq kimi də fəaliyyət göstərib. “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olsa” televiziya tamaşalarının libretto, həmçinin özünün bir sıra mahnılarının mətn müəllifidir. 2015-ci ildə ədəbi yaradıcılığına görə Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilmişdi.
Respublikanın musiqi həyatında fəal iştirak edən Ruhəngiz Qasımova Azərbaycan Televiziya və Radiosunda musiqi redaktoru, “Azərbaycantelefilm” yaradıcılıq birliyində səs rejissoru kimi fəaliyyət göstərib. Həmçinin müxtəlif mahnı festivallarının, estrada müsabiqələrinin keçirilməsində fəal iştirak edərək, milli musiqi mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb.
Ruhəngiz Qasımovanın musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, 2005-ci ildə respublikanın “Əməkdar incəsənət xadimi” fəxri adı, 2019-cu ildə “Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu” ilə təltif edilib, 2015-ci ildən Prezident təqaüdçüsü idi.
Yaradıcılığı milli musiqi mədəniyyətimizin mühüm hissəsini təşkil edən görkəmli bəstəkar, fəal ictimai xadim, gözəl insan Ruhəngiz Qasımovanın işıqlı xatirəsi xalqımızın qəlbində yaşayacaq.
Allah rəhmət eləsin.
Azərbaycan Bəstəkarlar İttifaqı