“Üzeyir Hacıbəyli. Seçilmiş əsərləri” kitabının təqdimatı keçirildi

 

5-9 oktyabr tarixində keçirilən VIII Bakı Beynəlxalq Kitab Sərgisi bir-birindən maraqlı tədbir və təqdimatlarla yadda qaldı.

Oktyabrın 6-da sərgi çərçivəsində Bakı Ekspo Mərkəzində “Üzeyir Hacıbəyli. Seçilmiş əsərləri” kitabının təqdimatı keçirildi.

Kitabın tərtibçisi və redaktoru Kərim Kərimli dahi bəstəkarın nəşrdə yer alan bu fikirlərini diqqətə çatdırdı: “Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. Bu cür adamlar nəinki sağlığında, bəlkə öləndən sonra da camaata mənfəət verirlər...”.

Qeyd olundu ki, Azərbaycan xalqının böyük oğlunun qələmindən çıxan bu cümlələr onun sanki özü haqqında yazılıb. Üzeyir bəy Azərbaycan mədəniyyətinin və incəsənətinin simvollarından biridir. Onun ədəbi-mədəni irsi əbədiyaşar və həmişə aktualdır. Bəstəkarın seçilmiş əsərlərindən ibarət bu  kitab da Prezident İlham Əliyevin sərəncamı ilə elan edilən “Şuşa İli”nə bir töhfədir. Kitabda Üzeyir Hacıbəylinin məqalələri, felyetonları, açıq məktubları, miniatürləri, komediyaları və s. toplanılıb.

Daha sonra müstəqil “Şah Mat” teatrının aktyorları tərəfindən Üzeyir Hacıbəylinin “Müalicə” səhnəciyi (rejissor Mir Qabil Əkbərov, aktyorlar Cavid Cavadzadə, Orxan Abışov) canlandırıldı.

Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov dahi bəstəkarın yaradıcılığından danışdı, kitabın çapına görə “TEAS Press” nəşriyyat evinə təşəkkürünü bildirdi.

Çıxışlardan sonra Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyindən videogörüntülər nümayiş etdirildi.

Sonda Azərbaycan Dövlət Xor Kapellasının solisti Fidan Rüstəmova bəstəkarın “Arşın mal alan” operettasından Gülçöhrənin ariyasını ifa etdi.

N.Məmmədli