Azərbaycan Dövlət Tərcümə Mərkəzi və Rusiya Tərcümə İnstitutunun birgə əməkdaşlığı ilə böyük rus yazıçısı Anton Çexovun “Çöl”  povesti Azərbaycan dilində nəşr olunub. Əsər Etimad Başkeçidin tərcüməsində işıq üzü görüb.

VIII Bakı Beynəlxalq Kitab Sərgisində nəşrin təqdimat mərasimi keçirilib. Bu barədə  Dövlət Tərcümə Mərkəzindən məlumat verilib.

Tədbiri Rusiya Tərcümə İnstitutunun direktoru, yazıçı Yevgeni Rezniçenko açaraq, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin bədii tərcümə sahəsinin inkişafına verdiyi töhfələrdən, bu istiqamətdə həyata keçirdiyi beynəlxalq nəşr layihələrinin uğurundan danışıb. İki qurum arasında imzalanmış memorandumun Rusiya-Azərbaycan ədəbiyyatlararası mübadilələrin inkişafında mühüm rol oynayacağı qeyd edilib.

M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Vadim Polonski bədii tərcümə sahəsinin və tərcüməçi peşəsinin çətinliklərindən bəhs edib. O, fərdi yaradıcı istedad, xüsusi qabiliyyət və səbir tələb edən bu çətin və şərəfli sahədə çalışanları “əsl qəhrəman” adlandırıb.

Rusiya Elmlər Akademiyasının əməkdaşı, filologiya elmləri doktoru Yevgeni Vodolazkin Dövlət Tərcümə Mərkəzi ilə Rusiya Tərcümə İnstitutunun artıq üç ildən çox davam edən sıx əməkdaşlığının nəticəsi olaraq işıq üzü görmüş nəşrlər və gələcəkdə həyata keçiriləcəyi nəzərdə tutulan növbəti layihələrdən söz açıb.

Xalq yazıçısı Natiq Rəsulzadə “Çöl” povestini Azərbaycan dilinə çevirmiş Etimad Başkeçidin peşəkarlığından və orijinala sadiqliyindən söz açıb. O, Dövlət Tərcümə Mərkəzinin məhsuldar və keyfiyyətli fəaliyyətiə diqqətə çəkərək tərcümə edilən əsərlərin seçimi və bədii tərcümə səviyyəsini xüsusi qeyd edib.

Bədii tərcümə ustası, ədəbiyyatşünas Cavanşir Yusifli, filologiya elmləri doktoru, professor Flora Naci, filologiya elmləri doktoru, professor Nizami Tağısoy, “Çöl” əsərinin tərcümə müəllifi Etimad Başkeçid, Dövlət Tərcümə Mərkəzinin Rusiya, Ukrayna, İsrail və Macarıstanla ədəbi əlaqələr üzrə koordinatoru Püstə Axundova, Dünya ədəbiyyatı şöbəsinin müdiri, şair Mahir Qarayev, İnformasiya departamentinin rəhbəri, yazıçı Yaşar və digərləri nəşrlə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, Rusiya Tərcümə İnstitutunun “Rusiya bədii ədəbiyyatının tərcüməsinə dəstək proqramı” qrant layihəsi əsasında ərsəyə gələn kitaba A.Çexovun xatirə və məktubları da daxil edilib. Kitabın redaktoru yazıçı-tərcüməçi Saday Budaqlıdır.