Əkbər əl-Bəkr: “Azərbaycanın gözəlliyini bir çox ölkələrin  vətəndaşlarına nümayiş etdirmək istəyirik”
   
   Fevralın 1-də Qətərin “Qatar Airways” aviaşirkəti Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysinin həyata keçirilməsinə başlayıb. Aviareys şirkətin 2012-ci ildə dünya üzrə uçuş istiqamətlərinin genişləndirilməsi proqramının başlanğıcıdır.
   
   Aviareyslər həftənin bütün günləri yerinə yetiriləcək və Tbilisiyədək davam edəcək. Bakıdan Dohaya uçuşlar həftənin 2-ci, 4-cü və 5-ci günləri saat 18:00-da, 1-ci, 3-cü, 6-cı və 7-ci günləri isə saat 22:30-da yerinə yetiriləcək. “Airbus A320” təyyarəsi ilə yerinə yetiriləcək aviareyslərdə “biznes” sinfə aid 12 yer, “ekonom” sinfə aid 132 yer təklif olunur.
   Doha-Bakı reysi ilə ilk təyyarənin Bakıya gəlişinə həsr edilmiş mərasimdə “Qatar Airways” aviaşirkətinin icraçı direktoru Əkbər əl-Bəkr, Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev, Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev, ölkəmizin Qətərdəki səfiri Eldar Səlimov, Qətərin Azərbaycandakı səfiri Şeyx Hamad bin Xəlifə Əl Tani, media təmsilçiləri iştirak ediblər. “AZAL”ın vitse-prezidenti Eldar Hacıyev yeni aviareysin Qətər, Azərbaycan və Gürcüstan üçün əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, “AZAL” Qətərin “Gatar Airways” aviaşirkətinin Doha-Bakı marşrutu üzrə birbaşa sərnişin aviareysini həyata keçirməsi üçün hər cür köməklik göstərib: “AZAL” bu aviareysin Bakı-Tbilisi marşrutu üzrə yerinə yetirilməsi üçün “Gatar Airways”ə 5-ci dərəcəli hava azadlığı verilib. Bakıdan Tbilisiyə uçuşlar hər iki şirkət tərəfindən müştərək yerinə yetiriləcək. Əminəm ki, Doha-Bakı aviareysi Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq”.
   “Gatar Airways” şirkətinin icraçı direktoru Əkbər əl-Bəkr isə bildirib ki, 2012-ci il aviaşirkət üçün genişlənmə ilidir: “Azərbaycan genişlənmə proqramı çərçivəsində üz tutduğumuz ilk ölkədir. Qətər Hava Yollarının Azərbaycana gəlişini qeyd etməkdən qürur duyuram. Doha-Bakı aviareysi hər iki ölkənin işgüzar dairələri tərəfindən səbirsizliklə gözlənilirdi. Ona görə də inanırıq ki, bu aviareys Azərbaycan və Qətər arasında əlaqələri daha da genişləndirəcək. Biz bir çox ölkələrin şəhərlərindən insanları Bakıya gətirib Azərbaycanın gözəlliyini onlara nümayiş etdirmək istəyirik”.
   Əkbər əl-Bəkrin sözlərinə görə, Azərbaycanın zəngin enerji resursları və turizm potensialı “Gatar Airways” şirkətinin Bakıya uçuşlar təşkil etməsi qərarının verilməsində böyük əhəmiyyət kəsb edib: “Hələ üç il əvvəl bu barədə qərar vermişdik. Reysin açılması bir az gecikdi. Bakıya uçan yeganə beşulduzlu hava yolu şirkəti olaraq “Gatar Airways” öz xidmətini Azərbaycan xalqına təklif etməklə qürur duyur. Bakı birbaşa aviareys yerinə yetirdiyimiz Avropa ölkələri arasında 28-ci, Tbilisi 29-cu şəhərdir”.
   * * *
   Fevralın 3-də “Kempinski Badamdar” hotelində Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyev “Qatar Airways”in Doha-Bakı reysi ilə ölkəmizə gələn Ərəb körfəzi ölkələrinin turoperatorları və KİV nümayəndələri ilə görüşüb. Görüşdə Körfəz ölkələri ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub. A.İsmiyev jurnalistləri və turizm şirkətlərinin nümayəndələrini maraqlandıran sualları cavablandırıb.
   Şöbə müdiri qəzetimizə açıqlamasında Doha-Bakı-Tbilisi reysinin açılmasının Azərbaycana gələn turistlərin sayının artmasında böyük rol oynayacağını bildirdi: “Qətər Hava Yolları dünyada 5 ulduz səviyyəsində xidmət göstərən bir aviaşirkət kimi tanınır. Bu reys Cənub-Şərqi Asiyadan, Şimali Afrikadan ölkəmizə gələn və eyni zamanda Azərbaycandan bu ölkələrə gedən turistlər üçün çox rahat bir marşrut olacaq”.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar