Mədəniyyət Nazirliyinin dəstəyi, “Leyla Khazary ArtGallery” və “Qalaalti Hotel & Spa”nın təşkilatçılığı ilə 7-15 oktyabr tarixində “XAZART” incəsənət simpoziumu keçirilir.
Simpoziumun məqsədi ictimaiyyət nümayəndələrinin iştirakı ilə təsviri incəsənətdə müasir tendensiyaları müəyyənləşdirmək, geniş tamaşaçı kütləsi arasında müasir rəngkarlığı təbliğ etməkdir. Tədbir eyni zamanda bölgələrdə bədii həyatın canlanması, yerli istedadların yaradıcılığa həvəslərinin artırılması, paytaxtla əyalət arasında yaradıcılıq münasibətlərinin təkmilləşdirilməsi məqsədi daşıyır.
Simpoziumun təşkilatçısı “Leyla Khazary ArtGallery” Azərbaycanın incəsənət və qalereya işi aləmində bir çox yeniliklərin yaradıcısı və təşəbbüskarı kimi çıxış edir. Qalereya rəngkarlığı təbliğ etməkdən əlavə onlayn-şoular, konfranslar və hərraclar, rəsm kursları və mühazirələr təşkil edir.
Simpoziuma Azərbaycanın hüdudlarından kənarda da tanınan rəssamlar Anar Hüseynzadə, Anar Yolçuyev, Diana Əliyeva, Eldar Babazadə, Elnur Mahmudov, Əbülfəz Fərəcoğlu, Fərhad Yalquzaq, İnna Kostina, Mir Azər Abdullayev, Rafail Əliyev, Erkin Ələkbərli, Təranə Seid, Zöhrab Salamzadə dəvət edilib.