İstanbulda Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Rafiq Əzizin fərdi sərgisi açılıb. Sərgi İstanbul Böyükşəhər Bələdiyyəsinin 2022-2023-cü il mədəniyyət-sənət mövsümünün açılışı çərçivəsində reallaşıb.
“Yeditepe İstanbul” mövzulu sərgi Cemal Reşit Rey konsert salonunda təşkil edilib.
İstanbulun bənzərsiz təbiəti, zəngin tarixi və hər dövrə aid sosial həyatı Rafiq Əzizin tablolarında əks olunub. Sərgidə nümayiş etdirilən yağlı boya ilə işlənmiş 42 əsərdən 33-ü İstanbula, 9-u isə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə həsr olunub.
Sərgi bir ay davam edəcək. Qeyd edək ki, “Yeditepe İstanbul” mövsümün açılışı münasibətilə keçirilən ilk rəsm sərgisidir.
***
Türkiyədə yaşayıb-yaradan azərbaycanlı rəssam Məhəmməd Əliyev 44 günlük Vətən müharibəsində tarixi Zəfərə həsr edilmiş yeni kolleksiya üzərində işləyir.
Bu il 70 illik yubileyi tamam olan rəssamın Qaziantep şəhərində fərdi sərgisi açılıb. Şəhid Kamil Sənət Akademiyasının qalereyasında təşkil olunan “Sənətdə 60 il” adlı sərgi böyük maraqla qarşılanıb.
Məhəmməd Əliyevin yağlı boya, keramika, qrafika janrında yaratdığı əsərlər ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, İngiltərə, Avstriya, Almaniya, Fransa və digər ölkələrdə sərgilərdə nümayiş olunub. Bakı, İstanbul, Ankara və hazırda yaşadığı Qaziantep şəhərində təşkil edilən fərdi sərgiləri böyük maraq doğurub.
1996-cı ildə qardaş ölkəyə köçən Məhəmməd Əliyev hazırda yaradıcılıqla yanaşı Qaziantep Universitetində pedaqoji fəaliyyətini də davam etdirir, sənətinin sirlərini gənc nəsillərlə bölüşür.