Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayının reallaşacağı tarix məlum olub.

AYB-nin mətbuat xidmətindən bildirilib ki, qurultay oktyabrın 26-da öz işinə başlayacaq. Tədbir Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Qurumun dəvəti ilə qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək.

Qurultay iştirakçıları həmin gün Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarını, eləcə də Şəhidlər xiyabanı ziyarət edəcək.

Qurultay nümayəndələrinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr sayında dərc olunacaq.

Xatırladaq ki, AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü ildə keçirilib. 2019-cu ildən bəri isə pandemiya səbəbindən tədbirin keçirilməsi mümkün olmayıb.