“Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisinin ilk mərhələsi üzrə işlər yekunlaşmaq üzrədir.
Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri David İbrahimxəlilovun verdiyi məlumata görə, kompleksin fəaliyyəti üçün zəruri infrastruktur yaradılıb: “İndi birinci mərhələnin yekunlaşması üzrə son tamamlama işləri görülür. İndiyədək qaz, elektrik, su, rabitə xətləri çəkilib. 346 yerlik dördulduzlu hotelin inşası da yekunlaşıb. Dağ çaylarının üzərindən keçən 6 körpü tikilib. Əraziyə 2 optik kabel xətti çəkilib, internetdən istifadə etmək mümkündür”.
Şöbə müdirinin sözlərinə görə, kompleksin tikintisi çərçivəsində ərazidəki yollar genişləndirilib. Bəzi yollarda asfalt örtüyünün çəkilişi davam etdirilir. Layihə çərçivəsində hotellərdə işləyəcək işçilər üçün inzibati bina tikilir. Lift bazasının inşası da tamamlanmaq üzrədir.
Birinci mərhələnin yekunlaşması rəsmən elan olunduqdan sonra turistlərin qəbuluna başlanılması, kompleksin tikintisinin növbəti mərhələlərinin turist qəbulu ilə paralel şəkildə aparılması planlaşdırılır.
Qeyd edək ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi 4 mərhələ üzrə aparılacaq. Növbəti mərhələlərdə 312 yerlik beşulduzlu, 276 yerlik üçulduzlu hotellər, kotteclər, tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri tikiləcək. Burada ticarət mərkəzləri, restoranlar, xidmət və iaşə obyektləri, avtomobillər üçün yerüstü və yeraltı dayanacaqlar fəaliyyət göstərəcək.
Ceyhun