«Arab news» qəzetinin redaktoru Sirac Wahab: «Azərbaycanın sürətli inkişafı onu dünyanın ən gözəl ölkələri ilə müqayisə etməyə imkan verir»
   
   Xəbər verdiyimiz kimi, fevralın 1-də Qətər Hava Yollarının (“Qatar Airways”) Doha-Bakı reysi ilə ilk təyyarəsi Bakıya gəldi. Yeni aviareysin açılış mərasimində iştirak etmək üçün Ərəb körfəzi ölkələrindən bir qrup turoperator və KİV nümayəndəsi də Bakıya gəlmişdi.
   
   Səudiyyə Ərəbistanında nəşr edilən «Arab news» qəzetinin redaktoru Sirac Wahab üçgünlük səfərin təəssüratlarını qəzetimizlə bölüşdü. Onunla «Millennium» turizm şirkətinin əməkdaşı, Azərbaycanın ilk sertifikatlı bələdçilərindən olan Süleyman Süleymanovun köməkliyi ilə görüşdük.
   Qeyd edək ki, «Arab news» qəzeti gündəlik 190 min tirajla nəşr edilir. Qonaq öncə səfərinin məqsədini açıqladı:
   - Bir jurnalist olaraq, postsovet məkanında yerləşən və müstəqillik əldə etmiş müsəlman ölkələrində olmaq, onların tarixini, mədəniyyətini öyrənmək, buradakı inkişafı, İslama və qeyri-dinlərin nümayəndələrinə münasibəti görmək bizim üçün çox maraqlıdır. Azərbaycan da bu baxımdan bizim üçün böyük maraq kəsb edir. Vaxtilə bu region haqqında məlumatları ara-sıra sovet qəzetlərindən, informasiya vasitələrindən alardıq. Bakının şəkillərini görmüşdük. İndi isə şəhərinizin gözəlliyini, tarixi tikililərini, abidələrini öz gözümüzlə gördük. “Qatar Airways” bizə bu arzumuzu reallaşdırmağa imkan verdi.
   - Bakıda olduğunuz üç gün ərzində şəhərimiz sizdə hansı təəssüratı yaratdı?
   - Azərbaycan Avropaya yaxın olmağına baxmayaraq, mənim fikrimcə, ərəb ölkələrinə də yaxındır. Həm mədəniyyət, həm musiqi, həm də dini baxımdan bu yaxınlıq daha çox hiss edilir. Bizim arzumuz bu yaxınlığı dərinləşdirməkdir. Məşhur ərəb telekanallarında müxtəlif müsəlman ölkələrinin reklamları nümayiş etdirilir. Son vaxtlar Azərbaycan da bu sıradadır və bu bizi çox sevindirir. Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin müdiri Aydın İsmiyevlə görüşümüzdə də bu məsələyə toxunduq. O bizə dedi ki, bu reklamların sayı getdikcə artırılacaq. Bakı haqqında təəssüratlarımı bircə cümlə ilə ifadə etmək istərdim: Bakı dünyaya işıq saçan bir şəhərdir. Mən buradan vətənimə döndükdən sonra yazacağım məqalənin adını da belə qoyacağam.
   Vaxtilə Sovet İttifaqı kimi nəhəng bir dövləti, indi isə Avropanı neftlə təmin edən Azərbaycan dünyanın ilk neft quyusunun, ilk müsəlman məktəbinin açıldığı yerdir. Bura gəlməmişdən əvvəl Bakı haqqında bir qədər məlumatımız vardı. Amma gördüklərimiz bizi çox təəccübləndirdi. Burada çoxlu muzeylər, teatrlar, möhtəşəm konsert salonları, dünya brendli hotellər, müasir binalar var. Azərbaycanın belə sürətli və yüksək səviyyədə davam edən inkişafı onu dünyanın ən gözəl ölkələri ilə müqayisə etməyə imkan verir.
   - Bakıda hansı tarixi məkanlara baş çəkə bildiniz?
   - İçərişəhəri qarış-qarış gəzdik. Təzəpir məscidində olduq. Dünyada ilk neft quyularının qazıldığı Balaxanıya, bir təbiət möcüzəsi olan Yanardağa, Atəşgaha səfər etdik. Xalça Muzeyi, İncəsənət Muzeyi, Rəsm Qalereyası bizi heyrətləndirdi. Bu yerlər Bakının təkcə mədəniyyəti haqqında deyil, eyni zamanda keçmişi haqqında da məlumat verir. Uzun müddət yaddaşımızdan çıxmayacaq məkanlardan biri də Rəşid Behbudov adına Mahnı Teatrı oldu. Əslində biz Rəşid Behbudovu hələ sovet dövründən tanıyırdıq. Burada bu böyük sənətkarın sənətinin belə əbədiləşdirilməsi çox xoşumuza gəldi.
   Dünyada dinlər arasında konfliktlərin mövcud olduğu bir vaxtda Bakıda müxtəlif dinlərin nümayəndələrinin bir yerdə yaşaması, onların bir-biri ilə mehriban münasibəti adamı təəccüb içərisində qoyur. Amma burada dinlər, məzhəblər arasında fərq görmək mümkün deyil. Hamı Allaha ibadət edir. Mən yazacağım məqalədə bütün bunları qeyd edəcəyəm.
   - Azərbaycan bir turizm ölkəsi kimi sizdə necə təəssürat yaratdı?
   - Çox böyük potensialı olan bir ölkədir. Düzgün və sistemli reklamlarla dünyanın hər bir yerindən buraya insanları cəlb etmək mümkündür. Xüsusilə Körfəz ölkələrindən turist cəlb etmək üçün bu regiona yayımlanan telekanallarda reklamların sayını artırmaq lazımdır. Qoy insanların Azərbaycan haqqında təsəvvürləri genişlənsin.
   O ki qaldı burada gördüyümüz münasibətə, bu barədə fikirlərimi yazmaq üçün mənə bir məqalə kifayət etməyəcək. Getdiyimiz hər bir yerdə isti, mehriban rəftarla qarşılaşdıq. Qaldığımız hoteldə («Hilton Bakı») göstərilən xidmət, bizi üç gün ərzində müşayiət edən bələdçi, hətta gəzdiyimiz maşını idarə edən sürücüdən belə gördüyümüz münasibət Azərbaycanın bir turizm ölkəsi kimi gələcəyinin parlaq olduğunu deməyə əsas verir.
   - Səudiyyə Ərəbistanı isti iqlimi olan ölkədir. Belə bir ölkədən gəlib burada qarlı, şaxtalı havaya düşdünüz. Bu, əhvalınıza necə təsir etdi?
   - Əlbəttə, biz belə havaya öyrəşməmişik. Amma uyğunlaşmaq elə də çətin olmadı. Çünki bizim üçün qar görmək çox maraqlı idi. Çoxlu şəkillər çəkdirmişəm. Bir sözlə, Bakıdan ən xoş təəssüratlarla ayrılıram. Azərbaycana səfərim uzun müddət yaddaşımdan silinməyəcək. 
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar