Karlos Enrike Meyer: «Azərbaycanlı turistləri öz ölkəmizdə görməkdən məmnun olarıq»
   
   Fevralın 11-də “Hilton Bakı” mehmanxanasında Azərbaycanda səfərdə olan Argentinanın turizm naziri və Argentina Turizmə Həvəsləndirmə Milli İnstitutunun direktoru Karlos Enrike Meyerin iştirakı ilə bu ölkənin turizm potensialının təqdimatı keçirildi.
   
   Tədbiri Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov açaraq bildirdi ki, Azərbaycanla Argentina arasında inkişaf edən iqtisadi əlaqələr turizm vasitəsilə daha da möhkəmlənəcək: «Argentina yeni bir turizm ölkəsi kimi Azərbaycan turistlərinin maraq dairəsinə daxil olub. Təsadüfi deyil ki, son illər Azərbaycandan bu ölkəyə gedən turistlərin sayında artım müşahidə edilir. Biz eyni zamanda Argentinadan respublikamıza gələn turistlərin sayının artmasında da maraqlıyıq. Hesab edirəm ki, reklam xarakterli tədbirlərin intensivləşdirilməsi, həm Argentinada, həm də Azərbaycanda qarşılıqlı turizm yönlü sərgilərin təşkili xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək».
   Karlos Enrike Meyer Azərbaycanla Argentina arasında əlaqələrin inkişaf səviyyəsini yüksək dəyərləndirdi. Onun sözlərinə görə, Azərbaycanın və Argentinanın zəngin turizm imkanlarına malik olması hər iki ölkənin vətəndaşlarının bu şəraitdən qarşılıqlı surətdə yararlanması üçün geniş perspektivlər açır: «Ölkələrimiz arasında coğrafi məsafə böyük olsa da, bir-birimizi yaxından tanısaq, mədəniyyətimizi, tariximizi bilsək, onda maraq bu məsafəni görünməz edəcək. Biz azərbaycanlı turistləri öz ölkəmizdə görməkdən məmnun olarıq».
   Argentinanın təkcə Maradona, Messi kimi məşhur futbolçular ölkəsi kimi yox, həm də çox böyük potensialı olan turizm məkanı kimi tanındığını deyən nazir qeyd etdi ki, 2011-ci ildə Argentinaya 6 milyon xarici turist gəlib, xarici ölkələrə isə bundan da çox argentinalı səfər edib: «Bundan əlavə, il ərzində 6,5 milyon vətəndaşımız xarici ölkələrdə dincəlib, 42 milyon nəfər isə Argentina daxilində səyahət edib. Argentina Cənubi Amerikada turizm məkanı kimi birinci yeri tutur. Bu nəticə iş adamlarının və dövlətin birgə səyləri ilə əldə edilib. Burada ərazinin inkişafı, mədəniyyət müxtəlifliyi, insanların fərqliliyi və ekoloji tarazlıq da böyük rol oynayır».
   Karlos Enrike Meyer yaxın gələcəkdə Azərbaycanla Argentina arasında əlaqələrin bütün sahələrdə, o cümlədən də turizm sahəsində daha da möhkəmlənəcəyinə əminliyini bildirdi.
   Sonra Argentina Turizmə Həvəsləndirmə Milli İnstitutunun əməkdaşı Laura Estela Rojo geniş təqdimatla çıxış etdi. O, ölkəsinin turizm imkanları haqqında virtual görüntülər vasitəsilə ətraflı məlumat verərək bildirdi ki, Argentinanın 7 milli parkı UNESCO-nun qorunan abidələr siyahısına daxildir. Bu parklar turizmin bütün növləri üzrə ixtisaslaşıb. Ərazicə dünyanın ən böyük ölkələrindən biri olan Argentinanın bir tərəfində qış olanda digər tərəfində bahar olur. Ona görə də ilin bütün fəsillərində bu ölkədə istirahət etmək turistlərin marağındadır.
   Argentinanın turizm imkanlarından bəhs edən videomaterialın nümayişindən sonra Argentina Regional Turizm İdarəsinin rəisi Hamurabi Noufouri tədbir iştirakçılarının suallarını cavablandırdı.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar