Oktyabrın 20-də, Zəngilan şəhərinin işğaldan azad olunmasının ikinci  ildönümündə Zəngilan Beynəlxalq Hava Limanının açılışı keçiriləcək. Təntənəli mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın mediaya açıqlama verib.

Qeyd edək ki, Zəngilan aeroportunun təməli 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən qoyulub.  Tikinti işləri bu ilin avqustunda yekunlaşıb.

Sentyabrın 9-da AZAL-ın ən böyük sərnişin təyyarəsi “Airbus A340-500” Bakıdan Zəngilana ilk texniki uçuşu müvəffəqiyyətlə yerinə yetirərək hava limanında yerə enib.

Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad edilən ərazilərdə Füzuli aeroportundan sonra inşa olunan ikinci hava limanıdır. Zəngilan aeroportu Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunda ilk hava limanı olacaq. Hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.

Baş nazir Əli Əsədov oktyabrın 14-də Zəngilan aeroportuna beynəlxalq status verilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Xarici İşlər Nazirliyinə Zəngilan Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərmək tapşırılıb.