Professor Əli Əsgər: “Türk dünyası əməkdaşlığına 2040-cı il baxışı” protokolundan uğurlu nəticələr gözləyirik”

 

Xəbər verdiyimiz kimi, 9-12 oktyabr tarixində Türkiyənin Ərzincan şəhərində “Türk dünyası Ərzincanda görüşür” adlı beynəlxalq simpozium keçirilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin himayəsi ilə Ərzincan Binəli Yıldırım Universitetində gerçəkləşən tədbirdə Azərbaycan da geniş nümayəndə heyəti ilə təmsil olunub.

Simpoziumun əsas məqsədi Türk dünyasının dil, ədəbiyyat, tarix, sənət, enerji, diaspor, ticarət, beynəlxalq münasibətlər kimi bir çox sahələr üzrə elmi araşdırmalar üçün ortaq platforma yaratmaqdır.

Simpoziumla bağlı fikirlərini bölüşən Türkiyənin Karabük Dövlət Universitetinin Azərbaycan əsilli müəllimi, professor Əli Əsgər bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın rəhbərliyi ilə keçirilən tədbir Türk dünyası üçün böyük əhəmiyyət daşıyır: “2009-cu il oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə toplantısında imzalanan Naxçıvan sazişi Türk dünyası ilə bağlı fəaliyyətlərin önünü açdı. Naxçıvan sazişindən sonra yaradılan Türk Şurasının keçən ilin noyabrında Türk Dövlətləri Təşkilatına çevrilməsi, sadəcə, ad dəyişikliyi deyildi. Bu həm də Türk dünyası ilə bağlı hərtərəfli inkişafa rəvac verən vizual dəyişmə və xarici təzyiqlərə dayanıqlı bir türk birliyinin olmasını bütün dünyaya nümayiş etdirmək idi”.

Beynəlxalq və regional münasibətlərdə ortaya qoyulan siyasi iradənin gücündə Azərbaycanın danılmaz xidmətləri olduğunu bildirən alim deyib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsinin Qələbə ilə başa çatması Türk dünyasında böyük canlanma yaradıb: “Eləcə də qəbul edilən Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan əlaqələrinin inkişafına deyil, bütün Türk dünyasında əməkdaşlığın inkişafına təkan oldu. Bütün bu tarixi hadisələri ona görə vurğulayıram ki, yaxın keçmişimizdən gələn bu proseslər gələcəkdə də sağlam xətt üzrə inkişaf edəcək. Ərzincan simpoziumunda da əsasən, elmi-siyasi, humanitar və mədəni əlaqələr istiqamətində bu məsələlərin konkret addımlarını müşahidə etdik. Türk respublikalarında və dünyanın dörd bir tərəfində yaşayan türkdilli xalqların nümayəndələri, təkcə elm adamları deyil, eyni zamanda dövlət və qeyri-hökumət təşkilatlarından olan soydaşlarımız, Türk dünyası ağsaqqalları bu tədbirə qatılmışdılar”.

Əli Əsgər deyib ki, tədbirdə Azərbaycanla bağlı müəyyən mövzularda da müzakirələr aparılıb: “Azərbaycanla bağlı tarix, folklor, ədəbiyyat, siyasi mövzularda məruzələr oldu. Bu məruzələrin çap versiyası elmi ictimaiyyətə çatdırılacaq”.

Alim bildirib ki, simpoziumda siyasi təşkilatlanma ilə birlikdə, həm də qeyri hökumət təşkilatlarının, akademik qurumların, müxtəlif komissiyaların, komitələrin işçi qrupları şəklində bir araya gələrək təşkilatlanması üçün müəyyən addımların atılması məsələlərinə də toxunulub. Elmi konfransda “Türk dünyası əməkdaşlığına 2040-cı il baxışı” mövzusunda çıxış etdiyini bildirən professor bu məsələyə tədbirdə çox böyük əhəmiyyət verildiyini vurğulayıb: “Simpoziumda bu mövzu ilə əlaqədar qəbul edilən protokolda Zəngəzur dəhlizinin Xəzər keçidli beynəlxalq Şərq-Qərb ortaq dəhlizi çərçivəsində bağlantının daha yaxşı qurulması üçün yeni fürsətlərin qiymətləndirilməsi və bununla bağlı Azərbaycan hökuməti tərəfindən göstərilən səylərə dəstək verilməsi qeyd olunub. Bundan əlavə, sənəddə türkdilli dövlətlərin QHT-lərinin birgə fəaliyyəti üçün Türk Dünyası Qeyri-Hökumət Təşkilatının yaradılması, türk dövlətləri arasında ortaq medianın, nəşrlərin təsis edilməsi, TDT-yə üzv ölkələrin ortaq əlifba, terminologiya, sənət sahəsi üzrə fəaliyyətlərinin dəstəklənməsi, Türk dünyasında ortaq vətəndaşlıq layihəsinin həyata keçirilməsi və rəqəmsal vətəndaşlığa keçid prosesinin sürətləndirilməsi, terror, irqçilik mövzularında birgə mübarizə üzrə ortaq fəaliyyətlərin inkişaf etdirilməsi kimi təkliflər yer alır. Qeyd olunan məsələlərlə bağlı Türk dünyası alimlərinin üzərinə böyük missiya düşür”.

Əli Əsgər Ərzincan simpoziumunda irəli sürülən təkliflərlə bağlı uğurlu nəticələr gözlədiyini də diqqətə çatdırıb.

Mehparə Sultanova
Ankara