İki muzeyin narkomaniya əleyhinə birgə maarifləndirici tədbiri

 

Bəşəri bəla olan narkomaniya ilə mübarizədə xüsusilə yeniyetmə və gənclər arasında maarifləndirmə işinin xüsusi əhəmiyyəti var. Bu işə mədəniyyət müəssisələri də öz töhfələrini verə bilərlər.

Oktyabrın 19-da Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birlikdə “Həyatını məhv etmə!” adlı tədbir keçirilib. Tədbirdə N.Tusi adına 173 saylı orta məktəb, Bakı şəhəri T.İsmayılov adına 6 saylı məktəb-lisey və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagird və müəllimləri, həmçinin qonaq qismində mütəxəssislər – Bakı Dövlət Universitetinin müəllimi, “Yaşam” psixologiya və təlim mərkəzinin rəhbəri Könül Cəfərova, “Step” reabilitasiya mərkəzinin rəhbəri, həkim İlqar Xəlilov iştirak ediblər.

Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyinin icraçı direktoru Günay Əliyeva və Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə tədbiri açaraq qonaqları salamlayıblar.

Psixoloq Könül Cəfərova narkotik maddələrin insan orqanizminə vurduğu ziyan barədə danışıb. Həkim İlqar Xəlilova insanları bu bəşəri bəladan uzaq olmağa səsləyərək deyib ki, uşaqlar mümkün olduqca problemlərini, sıxıntı və dərdlərini öz ailələri və ya ən yaxın bildikləri dostları ilə bölüşsünlər.

Sonra mütəxəssislər məktəblilərin mövzu ilə bağlı suallarını cavablandırıblar.

Sonda qonaqlara təşəkkürünü bildirən hər iki muzey rəhbəri məktəblilərin zərərli vərdişlərə aludə olmaması üçün onların mədəni-kütləvi, əyləncəli tədbirlərə, eləcə də müxtəlif  özfəaliyyət dərnəklərinə daha fəal cəlb edilməsinin vacibliyini vurğulayıblar.