Oktyabrın 18-də Mətbuat Şurasında (MŞ) Vətən müharibəsinin iştirakçısı olmuş jurnalistlərlə görüş keçirilib.

Şuranın sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid tədbiri açaraq qurumun indiyədək cəbhədə döyüşmüş media təmsilçiləri ilə əlaqələrindən bəhs edib, Əflatun Amaşovun MŞ-yə rəhbərlik etdiyi dövrdə bu kateqoriyadan olan şəxslərə həssas münasibət göstərildiyini deyib. MŞ-nin bundan sonra da Vətən müharibəsinin iştirakçısı olmuş jurnalistlərə xüsusi diqqət ayıracağını deyən Rəşad Məcid onlara cəbhə xatirələrini yazı şəklinə salmağı tövsiyə edib. Bildirib ki, cəbhə jurnalistlərinin xatirələrindən ibarət kitabın nəşri həyata keçiriləcək.

Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, “Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu bildirib ki, jurnalistlər hər zaman cəmiyyətin öndə gedən təbəqələrindən olublar, Vətən müharibəsində bunu sübuta yetirdilər.

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Şuranın cəbhədə döyüşmüş jurnalistlərə dəstək məqsədilə həyata keçirdiyi tədbirlərdən söz açıb.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Vətən müharibəsində cəbhədə döyüşmüş, səfərbərliyə cəlb olunmuş jurnalistlərlə yanaşı, qaynar nöqtələrdə peşə borcunu yerinə yetirmiş media təmsilçilərinin də əməyinin yüksək qiymətləndirilməli olduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, “Modern” media qrupun rəhbəri Elşad Eyvazlı cəbhədə döyüşmüş jurnalistlərin xatirələrinin yer alacağı kitabın hazırlanması ilə bağlı fikirlərini bölüşüb.

Vətən müharibəsi iştirakçıları olan jurnalistlərdən “Təbib” qəzetinin baş redaktoru Məğrur Əliyev, İTV-nin əməkdaşları Şöhrət Eyvazov, Xanlar Mehdiyev, “Ədalət” qəzetinin əməkdaşı Emin Piri, Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədov, “Bakı xəbər” qəzetinin əməkdaşı Nahid Salayev, ATV telekanalının əməkdaşı Rza Bəbirov, “Cumhuriyyet.az” saytının baş redaktoru Nəsimi Şərəfxanlı  və başqaları çıxış ediblər.

Vətən müharibəsi iştirakçıları olmuş media təmsilçilərinin reyestrinin hazırlanması, MŞ-nin saytında onlarla bağlı ayrıca bölmənin yaradılması və s. təkliflər səslənib.

MŞ sədri R.Məcid səslənmiş təkliflərin qeydə alındığını və İdarə Heyətində müzakirəyə çıxarılacağını bildirib.

İclasda müharibə iştirakçısı olmuş media təmsilçilərinin sosial vəziyyətləri istiqamətində də geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, cəbhədə döyüşmüş jurnalistlər müharibə veteranı kimi müəyyən imtiyazlara malikdirlər. Bu kontekstdə jurnalistlərin mənzillə təminatı məsələsinə toxunulub.