Qonaqların sayı 11 mindən çox olarsa, hotellərlə yanaşı, kirayə mənzillərdən də istifadə olunacaq
   
   Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, Bakıda fəaliyyət göstərən hotellər “Eurovision-2012” mahnı müsabiqəsi dövründə - mayın 5-dən 27-dək hotel nömrələrinin satışını dayandırıblar.
   Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırovun sözlərinə görə, buna səbəb müsabiqə dövründə hotellərdə qiymət artımının qarşısını almaq və ən əsası, qonaqların ən vacib hissəsini - müsabiqə təşkilatçılarını normal yerləşdirməkdir: «Nazirlik tərəfindən tövsiyə məktubu göndərilib ki, o ərəfədə heç bir sifariş qəbul etməsinlər. Bu addım həmin vaxt hotellərdə qiymətlərin kəskin artmasına yol verməmək üçün atılıb. Bilirsiniz ki, həmin vaxt ölkəyə xarici qonaqlar gələcək, onlar imkanlı qonaqlar, yəni VİP müştərilər deyil, jurnalistlər və digər orta səviyyəli adamlardır. Amma onların bu müsabiqəyə qatılması ölkəmizi təbliğ etmək üçün çox böyük şansdır».
   Assosiasiya sədri bildirdi ki, hazırda Bakıdakı hotellərdə 11 minə yaxın qonaq yerləşdirmək olar. Müsabiqə çərçivəsində Azərbaycana gələcək rəsmi nümayəndələrin sayı isə 4 minə yaxındır. Bunlar müsabiqə iştirakçıları, onları müşayiət edən nümayəndə heyətləri, jurnalistlər, təşkilat komitəsinin nümayəndələridir: «Yerlərin 4 mini rəsmi nümayəndələr üçün saxlanılıb. Əlbəttə, onlar üçün müəyyən kvota saxlanması bir öhdəlikdir və hotellərə bununla əlaqədar tövsiyələr verilib. Qalan 7 min yer isə müsabiqə ilə bağlı Bakıya gələcək turistlər üçün nəzərdə tutulur. İndiyədək “Eurovision”a gəlmək üçün 3 minə qədər turist sifarişi qəbul olunub”.
   Assosiasiya sədri yaxın vaxtlarda müsabiqənin təşkilat komitəsi tərəfindən qonaqların yerləşdirilməsi ilə məşğul olacaq müəyyən bir qrup yaradılacağını bildirdi.
   Onun sözlərinə görə, ümumilikdə müsabiqə çərçivəsində ölkəyə gələnlərin sayının təqribən 11 min ətrafında olacağı gözlənilir: «Qonaqların sayı bundan çox olarsa, onları yerləşdirmək üçün başqa variantlar da nəzərdə tutulur. Artıq Mədəniyyət və Turizm Nazirliyi və AZTA bunun üçün hazırlıq işləri aparır. Kirayə verilən mənzillərin sayı, onların neçə otaqlı olması, yaşayış şəraiti baxımından standartlara uyğun gəlib-gəlmədiyi dəqiqləşdirilir. Baxılır ki, neçə 1 otaqlı, neçə 2 otaqlı mənzillər var, onlar standartlara cavab verirlərmi və s. Sonra bütün mənzillər barədə məlumatlar bir bazaya toplanır».
   Bu işlər çərçivəsində müəyyən olunub ki, müsabiqə çərçivəsində gələn qonaqlara 2 minə yaxın müxtəlif otaqlı mənzil və hər biri 5-6 otaqlı olan 60-70 villa kirayəyə verilə bilər. Həmsöhbətimiz qeyd etdi ki, bu evləri www.eurovision.az saytı vasitəsilə kirayəyə götürmək mümkün olacaq: ““Eurovision” çərçivəsində gələnlərin əksəriyyəti fan klubların üzvləri və yeniyetmələrdir. Onlar qalmaq üçün dəbdəbəli hotel yox, yatmaq üçün ucuz yer, günü 20 avrodan otaq istəyirlər. Ona görə də düşünürük ki, həmin qonaqlar mənzillərə müraciət edəcəklər”.
   Müsabiqə zamanı qonaqların bir hissəsinin gəmilərdə yerləşdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə, ehtiyac olarsa, Xəzərin sahilinə bir neçə gəminin gətirilməsi planlaşdırılır: «Amma bu variantdan o vaxt istifadə olunacaq ki, müsabiqə zamanı ölkəmizə gözləniləndən çox turist gəlsin. Yəni bunlar ehtiyat variantlardır”.
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar