Naxçıvan Muxtar Respublikası zəngin turizm potensialı ilə seçilir. Əlverişli coğrafi mövqeyi, müxtəlif iqlim qurşaqları və təbiətinin mövcudluğu, zəngin mədəni-tarixi irsi, özünəməxsus mətbəxi və yüksək qonaqpərvərlik ənənələri hər il bölgəyə çoxsaylı turistlərin gəlməsinə səbəb olur. Naxçıvan diyarı təbiət abidələrinin zənginliyi ilə də diqqəti cəlb edir.
   
   Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Əkbər Rzayev deyir ki, hazırda bütün dünyada təbiət abidələri, landşaft ekzotikliyi ilə seçilən ərazilər turizm məqsədilə geniş şəkildə istifadə olunur. Bu mənada muxtar respublikanın təbiət abidələrinə maraq həmişə böyük olub. Turistlərin ən çox maraq göstərdikləri yer isə Batabat gölündəki “Üzən ada”dır: “Hər il yüzlərlə turist, o cümlədən İran və Türkiyədən insanlar Batabat ərazisində dincəlməyə gəlir. Əcnəbi qonaqlar da Naxçıvanın təbiət abidələrinə, Duzdağa, dini turizm ünvanı kimi tanınan, əslində elə iki möhtəşəm təbiət abidəsi - İlandağ ilə Nəhəcir dağları arasında yerləşən təbii mağaradakı Əshabi-Kəhf ziyarətgahına böyük maraq göstərirlər”.
   
   Ordubadın tacı
   
   Pəzməri şəlaləsi Ordubad rayonunda, Zəngəzur dağ silsiləsinin Ayıçınqılı aşırımından 3707 metr hündürlükdən başlayan eyniadlı çayın üzərində yerləşir. Pəzməri çayının qolu olan Ayıçınqılı çayının Vənəndçaya töküldüyü yerin yaxınlığında, dəniz səviyyəsindən 2161 metr hündürlükdə gur şəlalə yaranır.
   Pəzməri kəndindən 4-5 kilometr aralıda yerləşən bu ecazkar təbiət abidəsini görmək üçün Naxçıvanın bütün bölgələrindən buraya çoxlu turist gəlir. Hərçənd şəlalənin yanına enmək heç də asan deyil və hər adama nəsib olmur. Şəlaləyə iki yerdən - həm dağların zirvəsi ilə, həm də dərələrlə yol gedir.
   
   Şahbuzun “üzən ada”sı   

   Naxçıvanın daha bir möhtəşəm təbiət abidəsi Şahbuz Dövlət Təbiət Qoruğunun ərazisində yerləşir. Qoruğun əsas torpaq sahələri dəniz səviyyəsindən 2200-2400 m hündürlükdəki dağlıq sahələrdə yerləşir. Qoruğun su ehtiyatları əsasən atmosfer çöküntüləri hesabına formalaşan Batabat mineral bulaqlarından ibarətdir. Bu mineral bulaqlar Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 metr yüksəklikdə yerləşir. 2100-2200 metr mütləq yüksəkliyə malik bu sahələrdə torf və torflu torpaqlar yayılmışdır. Elə möhtəşəm təbiət abidəsini də Batabat gölü üzərində əmələ gəlmiş bu torf qatı yaradır. Qalınlığı 2 metrə çatan bu qat geniş sahəni əhatə edir və kiçik ada təsiri bağışlayır. El arasında bu kütləni "Üzən ada" adlandırırlar. Küləyin təsiri ilə “ada” davamlı olaraq gölün üzərində hərəkət edir.
   
   Təbiət abidələrinin öyrənilməsinə ehtiyac var
   
   Rəsmi mənbələrdə Naxçıvanda 7 təbiət abidəsinin olduğu göstərilir. Əslində isə onların sayı daha çoxdur. Nadir bitkilərdən hesab olunan Narbənd özü maraqlı təbiət hadisəsidir. Regionun ən hündür zirvəli dağı sayılan İlandağ (2412 metr) da təbiət abidəsi hesab olunur. Nəhəcir və Əlincə qalaları da təbiət abidəsi kimi özünəməxsus gözəlliyi və əzəməti ilə diqqəti cəlb edir.
   AMEA-nın Naxçıvan bölməsinin şöbə müdiri Nizami Alıyev deyir ki, bölgənin elə təbiət abidələri var ki, yerli əhalinin bir çoxu onlardan xəbərsizdir. Onun sözlərinə görə, təbiət abidələrinin sistemli tədqiqinə, onların turizm marşrutlarına salınmasına ehtiyac var: “Məsələn, Ordubadda Göygöl deyilən ərazidə nadir təbiət hadisəsini müşahidə etmək mümkündür. Eyni zamanda müşahidə edilən dörd fəsil insanda fərqli duyğular yaradır. Naxçıvan elə bir bölgədir ki, təbiət abidələrinin olduğu yerlərin əksəriyyətində eyni zamanda tarixi abidələrə də rast gəlmək olur. Təbiət abidələrindən idman, speloturizm, dağ turizmi növlərinin inkişafı üçün geniş istifadə etmək olar”. 

   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar