Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov 20-21 oktyabr tarixlərində Masallı və Cəlilabad rayonlarına səfər edərək mədəniyyət müəssisələrinə, tarixi-mədəni abidələrə baxış keçirib.

Nazir Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, onların mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməsinə nail olmaq əsas vəzifələrdəndir.

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bildirib ki, bölgələrdə fəaliyyət göstərən mədəniyyət işçiləri dövrün tələbləri ilə ayaqlaşmalıdır. Bunun üçün peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın artırılması zəruridir.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha da səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra nazir Anar Kərimov mədəniyyət işçiləri ilə birlikdə Cəlilabad rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrının tamaşasına baxıb.