Ötən ay Bursada keçirilən “Türk dünyası ortaq əlifba çalıştayı”nda (seminar) Türk Dövlətləri Təşkilatına (TDT) təqdim olunacaq mühüm qərar qəbul edilib. 

Türk Dil Qurumu və TDT-nin əməkdaşlığı çərçivəsində, türk dövlətlərindən alimlərin iştirakı ilə gerçəkləşən seminarda ortaq əlifbaya keçidin sürətləndirilməsi və tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb. 

Məlumata görə, seminarda TDT nəzdində Ortaq Əlifba Komissiyasının yaradılması qərara alınıb.

Qərara əsasən, türk dövlətlərinin hər birindən 2 nümayəndənin yer alacağı komissiya ortaq əlifba ilə bağlı TDT Ağsaqqallar Şurasına hesabat hazırlayacaq. Komissiyanın ilk iclası Qırğızıstanda keçiriləcək.

Qeyd edək ki, “Türk dünyası ortaq əlifba çalıştayı” 26 sentyabr – Türk Dili Bayramının 90-cı ildönümü münasibətilə keçirilmişdi. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təlimatı ilə gerçəkləşən Birinci Türk Dil Qurultayının açılış günü (1932-ci il 26 sentyabr) ölkədə Türk Dili Bayramı kimi qeyd olunur.

Mehparə Sultanova
Ankara