Oktyabrın 21-i Özbəkistanda əlamətdar gün – Özbək Dili Bayramı kimi qeyd olunur. 1989-cu ilin 21 oktyabrında Özbəkistan SSR-də “Dövlət dili haqqında” qanun qəbul olunub və özbək dilinə rəsmən dövlət dili statusu verilib.

Bu il Özbək Dili Bayramı Beynəlxalq Türk Mədəniyyət Təşkilatı –TÜRKSOY, Özbəkistanın Türkiyədəki Səfirliyi və Hacı Bayram Vəli Universitetinin birgə təşkilatçılığı ilə Ankarada da qeyd edilib.

“Özbək Dili Bayramı” və tanınmış özbək yazıçısı Nazar Eşankulun 60 illiyi münasibətilə düzənlənən tədbirdə TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, Özbəkistanın Türkiyədəki səfiri Alişir Azimhoayev, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru Orhan Kurtoğlu və başqaları çıxış ediblər.

Bilal Çakıcı çıxışında 21 oktyabr 1989-cu ildə ciddi mübarizədən sonra özbək türkcəsinə dövlət dili statusu verildiyini və bu günün Özbəkistanda bayram edildiyini vurğulayıb. Belə əlamətdar gündə müasir özbək ədəbiyyatının ünlü isimlərindən Nazar Eşankulun kitabını təqdim etməkdən məmnunluğunu qeyd edən B.Çakıcı deyib: “Ədəbiyyatı xalqın ürəyi, millətin mənəvi güzgüsü kimi görən Nazar Eşankul, yaşayaraq şahidi olduğu mürəkkəb dövrlərdə insanların qəlbinə yol tapmaq, onları xeyirxah məqsədlərə yönəltmək üçün ədəbiyyatın təsirli gücündən bəhrələnməyə çalışan yazarlarındandır”.

Çıxışlardan sonra yubilyarın “60-cı ilin hekayələri” kitabının təqdimatı olub.

Ankara Hacı Bayram Vəli Universiteti Ədəbiyyat fakültəsinin “Çağdaş türk ləhcələri və ədəbiyyatı” kafedrasının müdiri Nergis Biray və başqaları Nazar Eşankulun yaradıcılığı ilə ilə çıxış ediblər.

Sonra Bilal Çakıcı müəllifə “Türk dünyası ədəbiyyatına verdiyi töhfələrə görə” TÜRKSOY-un “Cingiz Aytmatov” medalını təqdim edib. Tədbir bədii proqramla başa çatıb.

İştirakçılar TÜRKSOY “Rəssamlar görüşü” layihəsində iştirak edən özbəkistanlı rəssamların əsərlərindən ibarət sərgiyə də baxıblar.

Mehparə Sultanova
Ankara