Oktyabrın 25-i Azərbaycan tarixinin şan və şərəf salnaməsi olan Vətən müharibəsində daha bir qalibiyyət səhifəsinin – Qubadlı şəhərinin 27 illik işğaldan azad edilməsinin ikinci ildönümüdür.

Vətən müharibəsinin 29-cu günündə cəbhənin müxtəlif istiqamətlərində işğalçı erməni qüvvələrini qovaraq uğurlu döyüş əməliyyatlarını davam etdirən Azərbaycan Ordusunun bölmələri Qubadlı şəhərinə daxil olub. Prezident, Ali Baş Komandan İlham Əliyev bunu ilk olaraq növbəti qalibiyyət tviti ilə oktyabrın 25-də axşam saatlarında xalqa çatdırdı.

Səhəri gün isə Ali Baş Komandan Qubadlı şəhərinin, eləcə də Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərinin, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndlərinin işğaldan azad olunması ilə bağlı xalqa müraciət etdi. Bu, Vətən müharibəsi gedişində dövlət bacısının xalqa qalibiyyət müjdəli beşinci müraciəti idi.

Oktyabrın 25-də müzəffər Azərbaycan əsgərinin ayaq basdığı Qubadlı şəhəri Cəbrayıl, Füzuli və Zəngilandan sonra ölkəmizin Dağlıq Qarabağ bölgəsi ətrafında işğaldan azad edilən sayca 4-cü rayon mərkəzi idi.

Qubadlı 1993-cü ilin 31 avqustunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Qubadlı rayonu Azərbaycan Respublikasının cənub-qərbində – Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşir. Qərbdən 120 km məsafədə Ermənistan ilə həmsərhəddir, şimalda Laçın rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə əhatələnib. Ərazisi 802 kvadrat kilometrdir.