Almaniyanın Potsdam şəhərindəki Barberini Muzeyində eko-aktivistlər məşhur fransız impressionisti Klod Monenin “Ot tayaları” (“Les Mueles”) silsiləsindən tablosunun üzərinə kartof püresi atıblar.
“Son nəsil” (“Letzte Generation”) adlı ekoloji təşkilatın üzvləri oktyabrın 23-də muzeyə daxil olaraq sənət əsərinə kartof püresi atıblar. Sonra isə əllərini yerə yapışdırıblar.
Təşkilat nümayəndəsinin sözlərinə görə, onlar bununla qlobal istiləşməyə və mədənçıxarma sənayesinin bu prosesə təsirinə diqqət çəkmək istəyiblər.
Barberini Muzeyindən verilən açıqlamada şüşə ilə örtüldüyü üçün tablonun zədələnmədiyi bildirilib.
Brandenburq Polis Departamenti hadisə ilə əlaqədar saxlanılan iki nəfərə mülkə müdaxilə və ziyan vurmaq ittihamı ilə istintaq başladıb.
“Ot tayası” Klod Monenin məşhur tablolar silsiləsidir. Rəssamın bu mövzuda otuz əsəri var və onların əksəriyyəti muzeylərin kolleksiyasındadır. 2016-cı ildə “Christie’s” hərracında K.Monenin 1891-ci ildə çəkdiyi “Ot tayası” rəsmi 81 milyon dollara satılmışdı.
Xatırladaq ki, iki həftə öncə London Milli Qalereyasındakı holland rəssamı Vinsent Van Qoqun məşhur “Günəbaxanlar” tablosu da bənzər hücuma məruz qalmışdı. “Just Stop Oil” (“Yanacağı dayandır”) ekoloji hərəkatının üzvləri “Günəbaxanlar” tablosuna tomat şorbası atmışdılar.
“Təbiət, yoxsa incəsənət daha dəyərlidir? Niyə onu qorumursunuz?”, – deyə qışqıran eko-aktivistlər bu hərəkətləri ilə milyonlarla insanın aclığına, qışın çətin olacağına, insanların isinmək və yemək arasında seçim qarşısında qalacağına diqqət çəkmək istədiklərini bildiriblər.
Qalereyadan belə vandal hərəkətlərə hazırlıqlı olduqları üçün əsəri şüşə ilə mühafizə etdiklərini, tablonun zərər görmədiyini bildiriblər.