Bu il dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyidir. Prezident İlham Əliyev 15 mart 2022-ci il tarixdə böyük sənətkarın anadan olmasının 100 illiyi münasibətilə sərəncam imzalayıb. Yubiley ilində ölkəmizdə və xaricdə silsilə tədbirlər təşkil edilir, sənətkarın əbədiyaşar musiqiləri səsləndirilir, xatirəsi yad olunur.

Oktyabrın 31-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Fikrət Əmirovun əlamətdar yubileyinə həsr olunan konsert keçiriləcək.

Gecədə Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində görkəmli pianoçu, bəstəkar, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edəcək.

Proqramda F.Əmirovun “Azərbaycan süitası”, “Gülüstan Bayatı-Şiraz” simfonik muğamı, piano və orkestr üçün ərəb mövzuları əsasında kompozisiyalar səsləndiriləcək.

Biletləri “İticket.az” saytından əldə etmək olar.