Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Azərbaycanın görkəmli şair-dramaturqu Hüseyn Cavidin 140 illik yubileyi münasibətilə xatirə barelyefinin açılışı olub.
Gənc heykəltəraş Kamran Əsədovun müəllifi olduğu barelyef Vaşinqton şəhərinin Corctaun ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının fasadına vurulub. Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycanın ABŞ-dakı Səfirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində ərsəyə gəlib.
Açılış mərasimində ABŞ-Azərbaycan Ticarət Palatası Direktorlar Şurasının sədri Reza Vəziri, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim çıxış ediblər. Xəzər İbrahim böyük ədibin irsinin Azərbaycan ədəbiyyatında yeri, Hüseyn Cavidin azadlıq idealları uğrunda apardığı mübarizə yolu barədə danışıb.
Mərasimdə Vaşinqton şəhəri – Kolumbiya federal dairəsinin meri xanım Mariel Bauserin (Muriel Bowser) 2022-ci il oktyabrın 24-nü “Hüseyn Cavidin anım günü” elan etməsi barədə bəyanatının mətni oxunub. Bəyanatda vurğulanır ki, Azərbaycan şairi Hüseyn Cavidin azad və ədalətli dünya idealları, onun ədalətsizlik və ayrı-seçkiliyə qarşı aparmış olduğu mübarizə çağdaş dünyamızda aktual olaraq qalmaqdadır.
Tədbirdə layihənin ərsəyə gəlməsində, eyni zamanda ABŞ-Azərbaycan Ticarət Palatasının fəaliyyətinə verdikləri dəstəyə görə bir neçə nəfərə Hüseyn Cavidin barelyefi əks olunan xatirə lövhələri hədiyyə edilib.