Oktyabrın 24-də Rusiyanın MDB ölkələri, xaricdə yaşayan həmvətənlərlə iş üzrə Federal Agentliyi olan “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov Azərbaycan Milli Kitabxanasında olub.

Kitabxananın direktoru Kərim Tahirov qonağı salamlayaraq iki qonşu ölkə arasında daim mədəni əlaqələrdə kitabxana işi sahəsində əməkdaşlığın da önəmini vurğulayıb. Ötən il M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanası ilə əməkdaşlıq haqqında memorandumun imzalandığını, cari ilin sonunda Rusiya Dövlət Kitabxanası müvafiq memorandumun müddətinin uzadılacağını diqqətə çatdıran Kərim Tahirov, bununla belə, son 2 ildə pandemiya səbəbindən Rusiyadan yeni kitablarıın alınmasında müəyyən problemlərin olduğunu deyib.

İrek Zinnurov Milli Kitabxana ilə birgə aksiyaların, tədbirlərin mümkünlüyündən söz açıb. O, həmçinin bu yaxınlarda VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Milli Kitabxanada keçirilən dəyirmi masa zamanı Kərim Tahirovun xarici qonaqlara “Qarabağa kitabla gedək!” kampaniyasına qoşulmaq çağırışı etdiyini xatırladaraq, tələbat olan rus ədəbiyyatını bu fonda hədiyyə edə biləcəklərini vurğulayıb. “Rossotrudniçestvo”nun nümayəndəsi kitabxananın Rusiya nəşriyyatları, müəllifləri ilə əlaqələrinin qurulmasına kömək edəcəklərini də söyləyib.

Sonda Kərim Tahirov tərəfindən qonağa Milli Kitabxana və Azərbaycanın tarixi-mədəni irsi ilə bağlı nəşrlər hədiyyə edilib.