Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdat Amreyev Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunub.

Prezident İlham Əliyev oktyabrın 17-də bununla bağlı sərəncam imzalayıb.

Bağdat Amreyev Türk Dövlətləri Təşkilatının Baş katibi vəzifəsində səmərəli fəaliyyətinə və Azərbaycan Respublikası ilə TDT üzvü olan ölkələr arasında tərəfdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.

Qazaxıstanlı diplomat Bağdat Amreyev 2018-ci ildən təşkilatın (2021-ci ilədək Türk Şurası adlanıb) katibliyinə rəhbərlik edir. TDT-nin Katibliyi İstanbul şəhərində yerləşir.